"Birinci sinifə qəbul imtahansız olmalıdır" - Ekspert nazirin məntiqi ilə razılaşır!

  Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə münasibət bildirib. Nazir brifinqdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, birinci sinfə şagird götürəndə onu imtahan etmək doğru deyil: “Amma deyə bilərsiniz ki, bəs, nə üçün bəzi məktəblərdə imtahan tətbiq olunur? Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə, 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var. Bütün məktəblərdə bu mexanizm tətbiq olunmur. Təkrar qeyd edirəm ki, xüsusi məktəblərə şagird qəbulu imtahanla aparılır”.
  Birinci siniflər üçün qəbul imtahanlarının keçirilməsinə münasibət bildirən təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az"a açıqlamasında qeyd edib ki, 6 yaşlı uşaqları imtahan etmək doğru yanaşma deyil: “Şagird məktəbə hələ ilkin addımını atmayıb. O, nə öyrəndi ki, nə də imtahan versin? Ümumiyyətlə, birinci sinfə qəbul olduqdan sonra birbaşa imtahan üsulu ilə qiymətləndirmə aparmaq da doğru deyil. Görünən odur ki, bəzi məktəblərə tələbat çoxdur. Valideynlər də uşaqlarının həmin məktəblərdə təhsil almasını istəyirlər. Lakin məktəblərdə kifayət qədər yer olmadığından yalnız imtahan üsulu ilə sıxlığın qarşısı alınır. Həmçinin şagirdlər belə məktəblərə qəbul olmaq üçün öncədən hazırlaşır. Bir sözlə, bu üsulla yalnız istedadlı şagirdlər məktəbə qəbul olunur. 









  Ümumiyyətlə, qanunda qeyd olunub ki, xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, yerdə qalan müəssisələrdə şagirdlər yaşadıqları əraziyə uyğun olaraq ilk növbədə qəbul olunmalıdır. Bizdə bu tənzimlənmə qaydaları pozulduğu üçün belə vəziyyət yaranıb”.