Attestatla qəbul olunanların imtahandan keçirilməsi vacibdir


Ancaq xaricdə tanınmış universitetlərdə tibb təhsili alan məzunlara şübhə ilə yanaşmaq olmaz

  Xaricdə rezidentura/ordinatura təhsili almış şəxslərin diplomunun tanınması ilə bağlı yaranan problemlərə aydınlıq gətirilib. İstanbulda jurnalistlərin suallarına cavab verən Səhiyyə naziri Teymur Musayev bildirib ki, bu istiqamətdə xüsusi komissiya yaradılıb: “Həmin komissiya birbaşa Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Komissiya artıq işini bitirib. Bir neçə günə sənəd qəbulu elan olunacaq. Müxtəlif ölkələrdən məzun olmuş həkim və mütəxəssislərimizin tədris planları qiymətləndirilib. Azərbaycanda qəbul olunmuş tədris standartlarına və proqramlarına uyğun olub-olmadığı müəyyənləşdirilib. Hazırlıq üçün bir aya yaxın vaxt veriləcək. Səhiyyə Nazirliyinin rəsmi saytında hər ixtisas üzrə sual toplusu dərc ediləcək və hazırlaşmağa kifayət qədər vaxt olacaq”. Teymur Musayev vurğulayıb ki, ondan sonra vahid şəkildə imtahanlar keçiriləcək: “İmtahanlardan keçən şəxslər həmçinin müəyyən mərhələləri də keçəcəklər. Onların detallarını indi tam açıqlamaq istəmirəm. Artıq bütün təkliflər hazırdır. Yəqin ki, bu həftə ərzində onlarla tanışlıq mümkün olacaq”.

  Məsələyə münasibət bildirən həkim Vaqif Qarayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, diplomların tanınmasında müxtəlif ölkələrin hökumətləri fərqli yanaşmaları mövcuddur: 

- Diplomların tanınması məsələsində hər hökumətin özünün qərarı var, bu, daxili məsələdir. Hökumətlər arasında diplomların qarşılıqlı tanınması sazişi ola bilər. Baxır, hansı ali məktəblərə bu şamil edilir, hansına edilmir. Bu məsələyə fərdi yanaşma sərgilənir çox vaxt. Şəxsən mən xarici ölkə ali məktəblərinə  attestatla qəbulu qəbul etmirəm. Attestatla qəbul olar?!. Əgər Azərbaycan səhiyyə nazirinin dediyi imtahan məsələsi attestatla qəbul olanlara aiddirsə, niyə də olmasın?! Bir var ki, qəbul olunmuş qaydada qəbul imtahanları verib ali məktəblərə daxil olurlar, bu, normaldır. Həm də universitetdən universitetə fərq var. Dünyada tanınan, reytinq cədvəlində ilk sıralarda olan tanınmış ali məktəblər var ki, oranı bitirmiş məzuna şübhə ilə yanaşmaq olmaz. Belə deyək, İstanbul Cərrahpaşa tibb fakültəsi saxta diplom verərmi? Yaxud Almaniyada həqiqi tibb təhsili alıb həkimlik ixtisasına yiyələnmiş şəxsə şübhə ilə yanaşmaq olarmı? Bunu düşünmək absurddur. Lakin saxta diplom verən ali məktəblər də var. Özəl xəstəxanalarda saxta diplomlarla işləyənlər vardı. Xeyli təmizləmə aparıldı bununla bağlı. Diplomların tanınması məsələsində yəqin ki, yanaşma fərqli olacaq. İnanmaıram ki, məlum qərar bütün xarici ali məktəblərə aid edilsin. Mənim mövqeyim budur ki, hansı xarici ali məktəblə diplomların qarşılıqlı tanınması anlaşması varsa, onlara şübhəylə yanaşılmasın, amma hansı ali məktəblə ki belə bir anlaşma yoxdur, o məzunlar imtahana cəlb edilsin. Çünki tədris proqramları fərqli ola bilər, bəlkə məzun heç dərslərə getməyib, tibbi biliklər əldə etməyib, yaxud zəif mənimsəyib. Bunlar aydınlaşmalıdır.