Məktəblərə direktor seçimi hər zaman özünü doğrultmur


Onsuz da 400 şagirdi olan məktəbdə idarəetməni bacarmayan, 1000 şagirdi olan məktəbdə də bacarmaz

Elşən Ramizoğlu: "Şagird sayı 500-dən yuxarı olan məktəblərə direktor təyinatında direktor müavinliyi təcrübəsinin olması şərti qoyulsa, məncə, daha yaxşı olar"


  Noyabrın 10-dan etibarən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Proses 14 noyabr tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

  Bu cür qayda tətbiqi bir sıra suallar doğurur. Məktəb direktorluğuna test imtahanlarında səviyyə müəyyən olunmur ki, müsahibə, müsabiqə mərhələsi də əlavə edilir? Bir də ki az şagird yerlik məktəblərə imtahanla, müsahibə, müsabiqəylə, çox şagird yerlik məktəblərə sənəd təqdim etməklə qəbul nə deməkdi? Bu, rüşvətə zəmin yaradır, açıq-aşkar.  

  Təhsil məsələləri üzrə ekspert, hazırda Bərdə rayonunda Qazaxlar kənd orta məktəbinin direktoru vəzifəsində çalışan Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında məsələni bu cür izah etdi: 

- Bildiyiniz kimi, məktəb direktorlarının təyinatında şagird sayına görə fərqlər meydana çıxıb. Hətta əməkhaqqı məsələsində belə bu fərqlər meydana çıxdı. Şagird sayı 500-dən aşağı olan məktəblərə direktor vəzifəsinə qəbul regional təhsil idarələri tərəfindən aparılır. Şagird sayı 150-dən aşağı olan məktəblər yalnız müsahibə yolu ilə, 150-500 qədər şagird sayı olan məktəblərlə bağlı isə test mərhələsi də fərqli olur. Bu fərqlərin olması hesab edirəm ki, idarəetməyə əsaslanır. Yəni şagird sayı az olan məktəbləri idarə etmək, 1000 şagirdi olan məktəbi idarə etməkdən daha asandır, yanaşmasına əsaslanır. Düzdür, bu yanaşma hər zaman özünü doğrultmur. Onsuz da  400 şagird olan məktəbdə idarə etməyi bacarmayan,1000 şagirdi olan məktəbdə də bacarmaz. Məsələn, şagird sayı 500-dən yuxarı olan məktəblərə direktor təyinatında direktor müavinliyi təcrübəsinin olması şərti qoyulsa, məncə, daha yaxşı olar. Ötən ilədək belə fərqlər yox idi, bunlar yeni yaranıb. Bu fərqlər yarandıqdan sonra hansı dəyişiklik oldu, bilmirəm, ancaq mən çox da böyük fərq görmədim.

  E.Ramizoğlu qeyd etdi ki, ümumiyyətlə, müsahibə mərhələsi varsa, orda digər hallara yol verilməsi düşünülən bir şeydir: 

- Bu, sadəcə, region təhsil idarələri müdirlərinin obyektiv və şəffaf olmasından asılıdır. Mən direktor təyin olunan zaman mənimlə bərabər 10 nəfər də təyin olundu. Səmimi deyim ki, məktəb seçimi zamanı sadəcə biz Regional İdarəyə dəvət olunduq. Əmin olduğum, gördüyüm, Qarabağ Regional Təhsil İdarəsi olduğu üçün nümunə çəkdim. Direktor vəzifəsinə qəbulda bütün hallarda müsabiqə olur. Şagird yeri 150-dən aşağı olanlarda sadəcə müsahibə,150-dən yuxarı isə test və müsahibə. Sadəcə, müsahibə mərhələsi olan müsabiqə təbii ki, insanı düşündürməyə vadar edir. Dediyim kimi, bu artıq şəxslərin vicdanı və ədalətinə qalır.
  E.Ramizoğlu bəzi məktəblərdə külli miqdarda yeyinti hallarının olmasına da diqqət çəkdi: 
- DTX-nin əməliyyatlarını eşidən bəzi direktorlar, dövlət qulluqçuları görəsən heç fikirləşmirlər ki, sıra bir gün onlara da gələ bilər?!. Gəlin görək neçə məktəbdə iki ocaqçı həqiqətən işləyir? Əksəriyyət məktəblərdə biri işləyir, biri də direktorun cib xərcliyidir. Özümüzə də haqq qazandırırıq ki, xərcimiz var. Gəlin görək, neçə məktəbdə müəllimin adı gedir, özü yoxdur, şagirdin adı var, özü yoxdur? Neçə direktor dərnəyi özünə götürüb, neçə direktor müəllimin adına 25 saat yazıb, deyib ki, “5 saat mənimdir”?! Bunlar nə hesabına baş verir, konfet kağızı deyil ki, pul hesabına baş verir. Yəni rüşvət hesabına baş verir. Maraqlısı budur ki, tarifkasiya pulu yığanlar, şəbəkə pulu yığanlar, müəllimə 10 manata icazə verən, yaltaqlığı əsrarəngiz şəkildə bacaran direktor müavinləri də necə edirlərsə, rəhbərliyə hər zaman yaxın olurlar. Həqiqətən o cür şəxsləri hörmət etdiyimiz, dəyər verdiyimiz insanların yanında görəndə bizə uzaqlaşmaq qalır. Baxırsan ki, rəhbərlik öz seçimini edib, yanında kimi görmək istəyir, onu da saxlayır. Dövlətə tapşırıram sizi, dövlət bir gün ağ ilə qaranı ayırd edəcək.