Bir çox məktəbdə kompüter problemi var


Ona görə summativ qiymətləndirmələrin rəqəmsal təşkilini bütün təhsil ocaqlarında tətbiq etmək mümkün olmayacaq

  Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir. Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib. Qeyd edilir ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb. 

  Kiçik summativ qiymətləndirmənin rəqəmsal təşkili barədə “Şərq”ə danışan Bərdə rayonu, Qazaxlar kənd tam orta məktəbinin direktoru Elşən Ramizoğlu qeyd etdi ki, ideya müsbət olsa da, tətbiqdə problemlər yaşanacağı labüddür: 

- Öncə bunu deyim ki,  summativ qiymətləndirmənin rəqəmsal təskili gözəl ideyadır, çünki şagirdlərin qiymətləndirilməsi rəqəmsal həyata keçirilir, nəticədə kağız və zaman problemi azalır, həmçinin muəllimlərin də kağız üzərində qiymətləndirmə aparmaq kimi bir yükü azalır. Ancaq problem nədədir, bir çox məktəblərdə kompüter problemi var, bütün sinifləri rəqəmsal qiymətləndirməyə keçirmək texniki baxımdan mümkün deyil, hətta elə yerlər var, orada internet problemi yaşanır. Bu problem qaldığı müddətdə rəqəmsal qiymətləndirməni bütün təhsil müəssisələrində tətbiq etmək mümkün olmayacaq. Hətta fikirləşmək olmaz ki, bu məsələ yaxın günlərdə həllini tapacaq. Xeyr, bu, uzun sürən prosesdir. 
Qeyd etdiyim kimi, bu tətbiqə ehtiyac var, müəllimi kağızlarla yükləmək doğru deyil.