Dərsə gedən bir uşaq...


Son zamanların mənzərəsi belədir: məktəbli uşaqlar metroda yuxulayır, analar çanta daşıyır

Uşaqların böyük əksəriyyəti səhər nahar etmədən məktəbə gedir 

Mədə boş, beyinə qlükoza çatmır, enerji ehtiyatı sıfır!

Əl çəkin, ali təhsil ənənəsindən. İnanın, bu dəqiqə kombi ustası axtaran, ali savadlı hüquqşünas axtaranlardan qat-qat çoxdur. Müasir dünyada yaşayırıq. Müxtəlif peşələrə tələbat gündən-günə artır 

  Məktəblərdə tənəffüs müddətinin artırılması təklif olunur. Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan "45 dəqiqə" verilişində məktəblərin birnövbəli tədrisə tam keçidindən söz açaraq, tənəffüs vaxtının artırılması ilə bağlı təkliflərə aydınlıq gətirib: "Orta hesabla tədris planımızda 36, 34, 29 saat dərs var. Həftədə 5 gün dərsə gəlmək istəyiriksə, sadə şəkildə 30-u 5-ə böldüyümüz zaman dərs 6 saat, yəni altı 45 dəqiqə edir. Tənəffüsləri 5 dəqiqə artırdığımız zaman isə qidalanma problemi yaşanacaq. Yəni uşaqlar səhər saat 8-də yemək yeyib məktəbə gəlir, günortaya kimi dərsi yekunlaşdırıb nahar üçün evə getməlidir. O səbəblə bu tipli sualların cavabını ayrı-ayrı məktəb kontekstinə buraxmaq lazımdır". E.Əmrullayev tənəffüs müddəti və dərs saatının başlaması kimi məsələlərin məktəb tərəfindən tənzimlənə biləcəyini qeyd edib: "Adətən sovet dövrü mistik müsbət formada xatırlanır, nümunə göstərilir. O dövrdə məktəblər ikinövbəli idi və buna rəğmən tənəffüs üçün 5 dəqiqə verilir. O zaman birnövbəli məktəbdə bu müddətin artırılması necə mümkün olar, deyə düşünmək lazımdır. Dərslərin saat 8-də başlaması da prinsipial mövqe deyil. Əgər valideynlər və məktəbin işçiləri razılığa gəlsələr, səhər dərsə 08:30-da da başlaya bilərlər. Bu tipli müzakirələri sadəcə mərkəzləşdirilmiş formada deyil, məktəblərin özləri üçün də təşkil etmək lazımdır. Əgər tənəffüsün 5 dəqiqə deyil, 7 dəqiqə olması uyğunlaşdırıla və tənzimlənə bilərsə, niyə də olmasın?”. 
  Yenə də gəldik illərdir çıxmaza düşmüş təhsil sistemimizdəki problemlərə. Niyə vaxtilə “gül kimi” olan təhsil sistemimiz çərxi-fələk kimi baş-ayaqdı? Uşaqlar da əzab çəkir, müəllimlər də, əlavə qazanc əldə edən repetitorlar da. Valideynlər, ümumiyyətlə, uşaq məktəbi bitirəndə əsl bayram edir. Nədir bu bəla?.. Son zamanların mənzərəsi belədir: məktəbli uşaqlar metroda yuxulayır, analar çanta daşıyır, yeniyetmələr avtobusda ayaq üstə dura bilmir, səntirləyib yıxılırlar! İki dəfə buna şahid olmuşam. Bir gənc metroda durduğu yerdəcə yıxılıb, əyləşənlər qalxıb onu əyləşdirib, su içiriblər, az sonra özünə gəlib, məlum olub ki, məşğələdən gəlir. Bir yeniyetmə də kürəyində asma çanta avtobusda yerə çökmüşdü. Rəngi ağarmışdı, məlum oldu ki, o da məktəbdən gəlir. Əlbəttə, bütün məktəblilər, yeniyetmələr eyni vəziyyətdə deyil, lakin təhlükəlisi budur ki, səhhəti zəifləyənlərin sayə getdikcə artır. Təhsildən, tədris proqramından narazı valideynlərin də sayı durmadan artır. Heç kim əziyyətlə qazandığı pulu əlavə məşğələyə - repetitora həvəslə ödəməz. Arzu edər ki, məktəbdə normal dərs keçilsin, övladı da əldə etməli olduğu bilikləri məktəbdə qazansın. Lakin indiki zamanda bu mümkün olmadığından valideyn məcbur qalıb (çox təəəssüf ki, bəzən bu, yersiz məcburiyyət olur) repetitor xidmətindən istifadə edir. Azərbaycan insanının ali təhsil “maniyası” onsuz da bəllidir. Bunu əziz insanlarımızın öz vicdanlarına, dəyişməyən anlayışlarına buraxaq. Keçək, digər vacib məsələyə. Təhsil nazirinin də toxunduğu tənəffüs və qidalanma məsələsinə. Birincisi, mühüm xatırlatma; SSRİ dövründə orta məktəblərdə 5 dəqiqəlik tənəffüs də vardı, 10 dəqiqəlik də və böyük sayılan 20 dəqiqəlik tənəffüs də. O zaman da məktəb bufetində basa-bas yaşanırdı. Xüsusən yuxarı sinif şagirdləri bufetə cumurdu və ən çox da kolbasa çörək alınırdı. İbtidai sinif, orta sinif şagirdləri isə adətən evdən gətirdikləri naharla qidalanırdı, sinifdəcə. Amma o zamanların da öz adətləri vardı. Məktəbə kəskin qoxulu yeməklərin gətirilməsinə yaxşı yanaşılmırdı. Qoxu sinifə yayılmasın, həm də başqa şagirdlər umsunmasınlar deyə. Bəli, zaman dəyişib, evdən nahar gətirənlərin sayı da azalıb, məktəbli çantasına nahar qoyan valideynlər də. Hər addımbaşı yüngül qidalar satılır. Bu yüngül qidaların əslində necə qorxulu və təhlükəli olmasının çox az adam fərqindədir. Məktəb bufetləri isə fərqli bir şey təklif etmir. Elə orada da kreker-mreker, hot-doq filan satılır. Şagirdin hətta bu yüngül qidalarla nahar etməyə vaxtının olmaması isə bir ayrı problemdir, həm də çox ciddi problem. Qeyd edək ki, tənəffüs və şagirdlərin qidalanmasıyla bağlı müxtəlif təkliflər var. Tənəffüs vaxtının uzadılması, məktəb bufetlərində isti yeməklərin hazırlanması da təkliflər arasındadır. 

  Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında təhsildəki problemlərdən danışmasını ona irad tutanların olduğunu dedi: 

- Mən təhsillə bağlı nəsə paylaşım edəndə, bəzən yazırlar “həkimsən, həkimliklə məşğul ol”. Elə deyil. Uşaqlarla bağlı nə varsa, məni maraqlandırır və mənim üçün əhəmiyyətlidir. Çünki nəticə etibarilə valideynlər uşaqları mənim yanıma gətirir. Və mən uşaqların təhsildən aldığı yaraları sağaltmalı oluram. Elə bir valideyn tapmazsınız ki, uşağın təhsilinə görə narahat olmasın. Həmişə demişəm, yenə təkrar edirəm, uşaqlar həddindən artıq yüklənib. Məktəblilərin az qala 90 faizi skolioz xəstəliyindən əziyyət çəkir. Belləri əyilib uşaqların. Normal yuxu yatmırlar, normal qidalanmırlar, normal istirahət etmirlər. Uşaqların böyük əksəriyyəti səhər nahar etmədən məktəbə gedir. Mədə boş, beyinə qlükoza çatmır, enerji ehtiyatı sıfır! Uşaq fikrini cəmləyə bilmir, dərsi mənimsəyə bilmir. Məktəbə yata-yata gedir, məktəbdən repetitor yanına qaçır, evə də yata-yata gəlir. Bu nə müsibətdi?!. “Dünyanın hər yerində repetitorluq var” deyib, boş-boş sözlərlə özümüzü aldatmayaq. Dünyanın heç bir yerində belə kütləvi repetitorluq yoxdur. Məktəb normal tədris versə, bütün digər məsələlər avtomatik düzələcək. Repetitor yanına daha üstün bilik əldə etmək üçün gedəcək şagird, gündəlik tədris proqramını mənimsəmək üçün yox. Normal tədris proqramı tərtib edilsə, şagirdin tənəffüs zamanı normal şəkildə nahar etməsinə də vaxt qalacaq. Mən yolla gedərkən qarşıma çıxan uşaqların üzünə baxıram. Üzlərinin rəngi bom-bozdur, gözlərinin altı qap-qara. Bir səbəb ağır tədris yüküdürsə, bir səbəb də anormal qidalanmadır. Uşaq nə vaxt, harda, necə və nə yesin? Yuxarı sinif şagirdləri evdən nahar aparmayacaq. Bu bizim milli “mentalitetimizə” uyğun deyil. İndi heç balacalar da ev buterbrodu ilə qane olmur. Bunun əsl günahkarı həm də valideynlərdir, bunu da deyim. Valideynlərin günahı, onsuz da çoxdur. 

Biri uşağı çantasında nahar aparmağa alışdırmamaqdırsa, biri də valideynlərin 99 faizinin övladını ali təhsil diplomu ilə təmin etmək istəyidir. Etməyin! Vacib deyil hamı ali təhsilli olsun. İnanın, bu dəqiqə kombi ustası axtaran, ali savadlı hüquqşünas axtaranlardan qat-qat çoxdur. 

Müasir dünyada yaşayırıq. Müxtəlif peşələrə tələbat gündən-günə artır. Əl çəkin, ali təhsil ənənəsindən. Digər əsas məsələyə keçim. Şagirdlərin məktəbdə normal qidalanması və sağlam böyümələri üçün nə lazımdır? Tədris proqramını yüngülləşdirmək, şagirdləri əlavə, lazımsız dərslərdən azad etmək, belədə dərs saatları azalacaq, tənəffüs vaxtını artırmaq imkanı yaranacaq, şagirdlər də normal şəkildə qidalana biləcəklər. Həmçinin məktəb bufetlərində isti yeməklər hazırlanmasını təmin etmək. 

Təhsilə dövlət büdcəsindən ayrılan vəsaitdən bir qədər də buna pul sərf etsinlər. Uşaqlarımız sağlam olsun, bilikləri yaxşı mənimsəyə bilsinlər. Uşağın dərsdəki yorğunluğu canından çıxmalıdır ki, yediyi naharın ona bir xeyri dəysin. Yorğun insan nə yeyir yesin, canına yatmayacaq, o yeməyin bir faydası da olmayacaq.