Dini təhsili qadağan etmək mümkün deyil

Amma nəzarət mexanizmlərini gücləndirmək mümkündür

Kamran Əsədov: "Dini təhsilin təhlükə dərəcəsi siyasi potensiala daxil olana qədərdir. Azərbaycanda isə belə potensial yoxdur"

  “Təcrübə göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. Çünki həmin ölkələrdə verilən təhsil onların siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar”. Bu sözləri KİV-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. DQİDK sədrinin müavini Yaxın Şərqdə cərəyan edən proseslərə toxunub: “Yaxın Şərqdəki proseslər göstərir ki, həmin bölgədə dini təhlükəsizlik məsələləri zamanında həll edilsəydi, bugünkü mənzərə yaşanmazdı. Zamanında məzhəbçilik zəmində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələndi. 

Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdir. Azərbaycan da bu təhdidlərdən, bu proseslərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönləndirilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq. Ümumiyyətlə, bizim ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur. Dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. 

Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə təsir göstərir. Ona görə də dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir”. Komitə sədrinin müavini xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə də münasibət bildirib və qeyd edib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir: “Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi kimi təyin edirik”. Sədr müavininin sözlərinə görə, təcrübə göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. “Çünki həmin ölkələrdə verilən təhsil onların siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır". 

  Xarici ölkələrdə digər ixtisaslara yiyələnmək baxımından problem yaşanmadığı halda, niyə məhz dini təhsillə bağlı neqativ hallar üzə çıxır? Deyək ki, Avropanın aparıcı ali məktəblərində hüquq təhsili almağa normal yanaşılır, lakin hansısa müsəlman ölkəsində dini təhsil almağa mənfi reaksiya sərgilənmir? Səbəb nədir?

  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dini təhsillə dünyəvi təhsil fərqlidir: 

- Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Eyni zamanda ölkəmizdə güclü tolerantlıq mühiti mövcuddur. İstənilən dinin mənsublarına ibadətləri, ənənələrini həyata keçirmək üçün lazımi şərait yaradılıb. Həmçinin Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bundan əvvəl də Bakı Dövlət Universiteti nəzdində İlahiyyat fakültəsi fəaliyyət göstərirdi. Bu o deməkdir ki, Azərbaycandakı dini təhsil kifayət qədər kadr hazırlamaq imkanına sahibdir. İlahiyyat İnstitutunun olması, ölkəmizdə dini kadrların hazırlanması üçün yetərlidir. Soruşursunuz ki, niyə dini təhsilə baxış birmənalı deyil. Baxın, kimsə hansısa ixtisasa yiyələnmək üçün Türkiyə, Avropa ali məktəblərinə üz tutur. İxtisasa yiyələnir, ölkəsinə qayıdır və əldə etdiyi biliklər onun öz ölkəsinə daha da faydalı olmasına kömək edir. Lakin dini təhsil haqqında bunu söyləyə bilmərik. Niyə? Çünki din güclü faktordur. Din amilindən həmişə istifadə olunub. Hansısa ölkədə dini təhsil alanlar istər-istəməz o ölkənin təsiri altına düşürlər. Aldıqları təhsilin təbliğatçısına çevrilirlər. Başqa bir ölkədə dini təhsil alanın təsir altına düşməsi real faktordur. Deyə bilərsiniz ki, kimsə dinin müsbət tərəflərini təbliğ edə bilər. Amma bu məsələdə ehtimallara yer yoxdur. Nə yanlışlıqlar, nə də doğrular – ümumiyyətlə dini təbliğata icazə verilmir.   

  K.Əsədov dini təhsilin qadağan edilməsinin mümkün olmayacağını diqqətə alaraq burada nəzarət mexanizminin güclü olmasının vacibliyini vurğuladı: 

- Təhsil yayqın sahədir. Xarici ölkələrdə dini təhsil almağın qarşısını kəsmək, əlbəttə çətindir. Birmənalı şəkildə bunu qadağan etmək mümkün deyil. Amma nəzarət mexanizmlərini gücləndirmək mümkündür. DQİDK sədr müavini də bunu söylədi, bildirdi ki, xaricdə dini təhsil almış şəxslər istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra, müsbət rəy olduğu halda din xadimi olaraq təyin edilir. Əsas odur ki, dini təhsil alanlar insanlığı təbliğ etsin. Radikallığı, münaqişələri deyil. Dini təhsilin təhlükə dərəcəsi siyasi potensiala daxil olana qədərdir. Azərbaycanda isə belə potensial yoxdur. Bəzən, sadəcə, ictimai asayişi pozmağa cəhdlər edilir, bunun da qarşısı alınır.