“İki dəfə elm və təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində İKT sahəsində ciddi mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır:
“Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqaviləyə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, lakin orada olan yaxşı yaşayış, əməkhaqqının yüksək olması səbəbindən gənclər geri qayıtmırlar, orada qalırlar. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin arasında da bu sahədə müqavilə olsun”.
Dövlət hesabına xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının bu ilə (oxu: 2022) qədər geri qayıtmadığını söyləyən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, bunun səbəbi onların rahatlıqla iş tapa bilməsi və şəxsi bizneslərini qurmalardır:
“Amma sonuncu dəfə dövlət başçısı İlham Əliyev tərəfindən xaricdə təhsil almaqla bağlı imzalanmış müvafiq sərəncam əsasında 2022-2026-ci illər dövlət proqramında artıq dövlət hesabına təhsil alanlar mütləq ölkəyə qayıtmalıdır. Bu artıq rəsmi qaydada təsdiq olunub.
Təhsil alanların 80 faizi magistr, 20 faizi isə bakalavrlardır. Qərara əsasən onların ölkəyə qayıtdıqdan sonra işlə təmin olunması əsas prioritet kimi diqqətdə saxlanılır. Digər tərəfdən İT sahəsi üzrə mütəxəssislərin yetişməsi həqiqətən də vacibdir. Çünki dövrə uyğun olaraq hər bir sahə robotlaşdırılmış sənaye istiqamətində gedir.
Bu səbəblə də İnformasiya Texnologiyaları üzrə mütəxəssislərin hazırlanması üçü tələbələri xaricdə təhsilə yönəltmək lazımdır. Ümumiyyətlə, biz əgər dövlət büdcəsindən onların təhsilinə maliyyə yardımı ayırırqsa, onların da ölkəyə qayıdaraq xeyir vermələri əsasdır.
Düşünürəm ki, dövlət tərəfindən bu işlər aparılmalı və xaricdə dövlət hesabına təhsil alanlar mütləq geri çağırılmalıdırlar".