“Hesablamalar Palatası aidiyyəti qurum üzərində araşdırma aparmalıdır”
“Büdcədən təhsil istiqamətində xeyli vəsait ayrıldığı halda, Azərbaycan məktəblisi dərsliksiz, kitabxanasız qalır”
"Məktəbdə sanitar qovşağın olmaması xoşagələn hal deyil".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi deyib. O vurğulayıb ki, təkcə həmin məktəbdə deyil, ölkədə fəaliyyət göstərən 4447 məktəbin bəzisində də analoji vəziyyət mövcuddur:
"Məktəblərin, sinif otaqlarının əsaslı təmirə ehtiyacı var. Əksəriyyəti yenidən inşa olunmalıdır. Ayaqyolu, idman zalı, kitabxanalar tikilməlidir. Hesablamalar Palatası aidiyyəti qurum üzərində araşdırma aparmalıdır. Büdcədən təhsil istiqamətində xeyli vəsait ayrıldığı halda, Azərbaycan məktəblisi dərsliksiz, kitabxanasız qalır, idman zalından istifadə etmək hüququndan yararlana bilmir.
Hər biri araşdırılmalı məsələlərdir. Belə davam edərsə, qarşıda daha böyük fəlakətlərə şahidlik edəcəyik. Hansısa məktəbin damının uçması, şagirdlərin dağıntıların altında qalması kimi dəhşətli hadisələr, xəbərlərlə qarşılaşa bilərik. Ona görə də sözügedən sahədə aidiyyəti qurumlar əməli addımlar atmalıdır".
Qeyd edək ki, sosial şəbəkələrdə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı video yayılıb.