"Dövlət İmtahan Mərkəzi (DİM) fəaliyyət göstərdiyi illər ərzində imtahanların təşkili və həyata keçirilməsində obyektivliyi , peşəkarlığı ilə seçilib. Lakin DİM-in bəzi prinsipləri ilə razı deyiləm. Repetitor institunun inkişafında DİM-in dəsti-xətti hədsiz rol oynadı".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
E.Nuri bildirib ki, DİM texniki, təşkilatı məsələlərdə heç vaxt səhvə yol verməyib:
"Hətta DİM "İSO" keyfiyyət sertifikatına layiq görülüb. Həmin sertifikatla mükafatlandırılmaq asan iş deyil.
DİM-in buraxılış imtahanı suallarının hazırlanmasında yanlışlığa yol verməsi mümkündür. Amma etiraf edək ki, DİM imtahan prosesinin təşkilində nümunəvi rol oynayıb. Onların səyi nəticəsində neqativ halların qarşısı alınıb.
DİM kimi ciddi qurumun nümayəndəsi Məleykə Abbaszadə imtahan zalına bıçaqvə qumbara keçirmək cəhdlərini səsləndirirsə, deməli, hadisə yaşanıb. İndiki gəncliyin psixologiyasını, kriminal meyillərini nəzərə alsaq, baş vermə ehtimalı yüksəkdir. Çünki onlar bəzi nüansların fərqinə varmayıblar.
Təbii çox keyfiyyətli gəncliyimiz də var. DİM-in bunkerlərə qapalılıq siyasəti, imtahan təşkilində neqativ halları aşkarlamasında göstərdiyi xidmətlər danılmazdır. Kaş DİM təkcə imtahanların baş tutması ilə məşğul olardı. Necə deyərlər, “Çörəyi ver, çörəkçiyə”. Testlərin hazırlanması ayrıca bir qurum, yaxud Elm və Təhsil Nazirliyi ilə birgə ortaq komissiya vasitəsilə həyata keçirilərdi".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar mətbuat konfransı keçirdib. Onun dediklərinə görə, imtahan zalına müxtəlif əşyalar, o cümlədən, bıçaq, qumbara keçirmək istəyənlər olub.