"Dünyanın ən yaxşı müəllimi" “Sherg.az”a danışdı:“Ölkəmizin adını ucaltmaq...”

Yaradıcı, çətin, məsuliyyətli həmçinin şərəfli peşə - müəllimlik. 
Azərbaycan müəllimləri dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələrində iştirak edir. Ciddi uğurlar qazanır. Əlbəttə, belə təqdirəlayiq hadisələr təhsil sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər. 
Bu günlərdə Bakı məktəbinin reinteqrasiyası üzrə ixtisaslaşmış müəllimi Qlobal Müəllim Mükafatı 2023-ün "İlin pedaqoji lideri" nominasiyanın qalibi olub.

Nizami rayonu, 238 saylı tam orta məktəbin ingilis dili müəllimi Solmaz Süleymanova gördüyü işlərinə görə ölkədə ən yüksək təhsil mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimi aprelin 30-da, Dubayda keçirilib. Müsabiqəyə 6 qitədən, 110 ölkədən müəllim qatılıb. Onların 70-i mükafat qazanıb.
Tədbirdə Azərbaycanın Dubaydakı Baş Konsulluğunun əməkdaşı Xanlar Paşazadə də fəxri qonaq qismində tədbirdə yer alıb.


Qeyd edək ki, Qlobal Müəllim Mükafatı dünyanın bütün guşələrində öz peşəsinə müstəsna töhfə verən müəllimi müəyyənləşdirir, tanıdır. Bu Mükafat müxtəlif fənlərin tədrisində mükəmməllik nümayiş etdirən, öyrənənlərə töhfələr verən və hətta rəsmi sinif otaqlarından kənarda dərs verməklə cəmiyyətə xidmət edən müəllimləri müəyyən etmək məqsədi daşıyır.

İngilis dili müəllimi Solmaz Süleymanova təəssüratlarını "Sherg.az"la bölüşüb:

"2021-ci ildə dünya üzrə "ilin ən yaxşı müəllimi" mükafatına layiq görüldüm. Pandemiya səbəbindən mükafatlandırma onlayn formatda baş tutdu.  Bu dəfə isə "İlin pedoqoji lideri" adına sahib oldum. Gediş-gəlişimizi özləri təmin etdilər. 
Layihə  3 mərhələdən ibarətdir. Qeydiyyat, inşa yazmaq və dərsin təşkilinin təqdimatı. 500 bal şkalası ilə qiymətləndirmə aparılır.  Balım yüksək olduğunu görə, "layihə üzrə səfir" döş nişanını təqdim etdilər. 
Ən böyük sürpriz isə Xanlar Paşazadə ilə rastlaşmağım idi. Onunla tanış oldum. Ürəkdən təbrik etdi. Azərbaycanı təmsil etdiyim üçün çox şad olduğunu bildirdi. 

Tədbirdə  əksəriyyəti məktəb direktorları, təhsil idarəsinin müdürləri idi. Müəllimlərin sayı az idi.



Hindistandan, Polşadan, Slovakiyadan, Afrika dövlətlərindən, qardaş Türkiyədən və s.  Layihələr barədə fikir mübadiləsi apardıq. İşlədiyimiz məktəblərin metodlarından söhbət açdıq. Bəzi ölkələrdə kurikulum sistemi tətbiq edilmir. Şagirdləri fərqli yöntəmlərlə  öyrətmək üsullarına yiyələndim. Həm diskussiyalarda, həm spiker kimi çıxış etdim.





Motivasiya ilə işləməyi xoşlayıram, bu mükafat da stimul mənbəyimdir.  Ölkəmizin adını ucaltmaq mənim üçün fəxrdir".