Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?  - Siyavuş Novruzov

"Gündəmdə olan məsələ müəllimlərin sertifikasiyasıdır. Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?". Sherg.az xəbər verir ki, bunu Milli Məclisin  iclasında deputat Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, insanların bununla bağlı ciddi narahatlıqları var: “Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayını baxın, görək, bu qədər mərkəz yetərlidirmi? İkincisi, müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var. Bu məsələ diqqət mərkəzində olmalıdır”.

Deputat Sabir Rüstəmxanlı isə 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinə olduğunu deyib: "65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır". O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır: "65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz".