Orta məktəblərdə direktor çatışmazlığı var  - EKSPERT

Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin Eşqi Bağırov bildirib ki, hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yer var:

"Şagird sayı 150-yə qədər olan məktəblər üzrə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadılar".


Mövcud problemdən "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, orta təhsil müəssisələrində direktor çatışmazlığı mövcuddur:

"Həmin vəzifəni orada çalışan təlim-tərbiyə işləri üzrə direktor müavini kimi şəxslər icra edirlər. hər bir müəssisəsinin rəhbərinin olması vacibdir. Vəzifəyə təyin olunmaq üçün müsahibə də, müsabiqə də keçirilir. Məktəbləri seçməmək əlbəttə, ilk növbədə, onların yaşayış yerinin orta təhsil müəssisələrindən uzaqlığı, ikincisi, əməkaqqının azlığı, üçüncüsü isə, kənar müdaxilələrin olma ehtimalından irəli gəlir. 
Kənar müdaxilələr dedikdə təhsil müəssisəsi rəhbərinə müəyyən məmur və başqalarının müəllim-şagird yerləşdirməsi üzrə basqıları nəzərdə tutulur. Ona görə də bəziləri bu yükün altına girmək istəmirlər. Təbii ki, paralel olaraq, müəssisə rəhbərinin bir sıra öhdəlikləri, məsuliyyəti də var. Verilən əməkhaqqı müqabilində o qədər cavabdehliyi daşımaqdan "qaçırlar". Əlbəttə, problemin həlli üçün məktəb direktorlarının əməkhaqqı məsələsinə baxılmalıdır. Həmçinin onlar müəssisədən kənarda yaşayırlarsa, ən azı kirayə evlə təmin edilmələrinə diqqət ayrılmalıdır. Eyni zamanda qanunvericilik çərçivəsində sərbəstliklərinə şərait yaradılmalıdır. Sadaladığımız addımlar atılsa, məktəb direktoru vəzifəsi üzrə boş qalan yerlərə təyinatların verilməsi mümkün ola bilər".