"Bu gün Azərbaycanda diplomların tanınması həddindən artıq müzakirə olunan məsələlərdən biridir. Nostrifikasiya və akkreditasiya prosesləri çox qəliz mexanizm hesab edilir".
Bunu "Sherg.az"a təhsil eksperti Elmin Nuri xaricdə təhsil alan bəzi şəxslərin müraciətinin mənfi qərarla yekunlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, diplomların tanınması prosesinin çətinliyi bir tərəfdən sevindiricidir, deməli, artıq şəffaflıq artıb:
"Təbii ki, mənfi cəhətləri də var. Çünki insanlarda xaricdə təhsilə inamın itməsi, marağın azalması kimi müəyyən problemlər yarada bilər. Amma problemi deməklə yanaşı, onun həlli ilə bağlı təklif də irəli sürmək daha məqsədəuyğundur. Bu gün diplomların tanınması və akkreditasiya işini Elm və Təhsil Nazirliyinə tabe olan Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) həyata keçirir. Son illər bu agentliyin fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirilir. Doğrudur, TKTA-nın diplomların tanınması ilə bağlı tələbləri həddindən artıq sərt, amma təqdirəlayiqdir. Lakin elə addımlar atılmalıdır ki, çox insanların diplomu "havada qalmasın", öz təsdiqini tapmış olsun. Türkiyənin böyük bir universiteti ölkəmizdə tanınan ali təhsil müəssisələrinin siyahısında yer alırsa, həmin məzun təhsil pilləsini başa vurur, müəyyən ekspertizadan sonra diplomun tanınması problem yaratmır. Amma ən çox üz tutulan ölkələrdən - Türkiyə, Ukrayna, Rusiyada yeni yaranmış özəl universitetlər də var ki, bəzən təhsili keyfiyyət göstəriciləri baxımından ürəkaçan deyil. O demək deyil ki, türk universitetidirsə, deməli, kifayət qədər samballı və etibarlı diploma sahib olmalıdır. Həmin ölkələrin elə universiteti var ki, bizim özəl ali təhsil müəssisələrimizin təhsil keyfiyyəti onlarınkından on dəfə artıqdır".
Ekspert təklif edir ki, ölkəmizin müsbət qərarla yekunlaşdırdığı universitetlərin sayı artırılsın:
"Bəzən məktəbi bitirən bir şagird az bal yığdığına görə Azərbaycandakı universitetlərə daxil ola bilmir. Nəticədə attestat vasitəsilə qəbul edən Türkiyə, Rusiya və Ukrayna kimi ölkələrin ali təhsil ocaqlarına üz tutur. Təbii ki, burada az ballıq nəticə göstərən şagird getdiyi ölkədə də attestatla yüksək reytinqli universitetlərə qəbul ola bilməz. Yəqin ki, təhsili nisbətən keyfiyyətsiz olan universitetlərdə oxuyacaq. Azərbaycanda diplomları asanlıqla təsdiq olunan universitetlərin siyahısı çox qısadır. Say mütləq artırılmalıdır.
E.Nurinin digər təklifi ölkəmizdə distant təhsilin inkişafının vacibliyi ilə bağlıdır:
"Ümumiyyətlə, xaricdə ali təhsil müəssisələrində qiyabi təhsil forması çox da geniş yayılmayıb. Şagirdlərimiz əsasən, Ukrayna, Rusiyada qiyabi təhsil əsasında oxuyurlar, ildə bir-iki dəfə həmin ölkəyə gedirlər. Amma Azərbaycanda diplomları ümumiyyətlə, tanınmayan təhsil forması distantdır. Bizdə də bu ənənənin formalaşması arzuolunandır. Tətbiq edilməsə belə, heç olmasa, xaricdə distant təhsil əsasında oxuyanların diplomlarının tanınmasında önəmli bir addım atmalıyıq".
Qeyd edək ki, iyul ayı üzrə 1 134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat yayıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbi ilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.