"Bağçalara qeydiyyatın elektron olması gələcəkdə təhsilin davamlılığı və əlçatanlığını təmin edəcək".
Bunu "Sherg.az"a təhsil eksperti Kamran Əsədov bağçalara qəbulla bağlı növbənin yaradılmasından danışarkən söyləyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var:
"Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər ki, maddi-texniki baza, binalar da kifayət etmir ki, digər 75 faizlik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsinə görə, Amerikanı götürsək, bağçaların 80 faizi özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Yeni qaydalara əsasən, valideynlər evdən çıxmadan elektron qaydada övladlarını uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər".
Qeyd edək ki, bu gündən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.