Şagird səhər məktəbə gedərkən hansı geyimini geyəcəyini daha fikirləşməyəcək

Bu, bir qaydadır və hamı da riayət etməlidir

Məktəbli forması nizam-intizam, məktəbin atributudur

“Vahid məktəbli formasının cəmiyyətdə bu qədər müzakirə edilməsinin tərəfdarı deyiləm”


  Bakıda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır: "Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq".
  Təhsil Nazirliyi yanında İctimai Şuranın  sədri Günel Səfərova da  “Sherg.az"a açıqlamasında  vahid məktəbli geyimlərinin tətbiqinin əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, şagirdlərin eyni formanı geyinməsi şagirdlər arasında sosial fərqi aradan qaldırır:

“Məktəbin estetik aurasından əlavə vahid məktəbli formalarına keçid şagirdlərdə nizam-intizamın daha da yüksəlməsinə səbəb olacaq.  Məktəbli formasının tətbiqindən əvvəl sosial statusundan asılı olaraq uşaqlar geyiminə görə bir-birindən fərqlənirdi. İstəsək də, istəməsək də cəmiyyətdəki sosial təbəqələşmənin  təzahürünü məktəblərdə də görürdük.  
  Vahid geyim məktəblərdə sosial bərabərliyin təmin olunması, şagirdlərin birinin digərindən maddi vəziyyətinə görə fərqlənməsinin qarşısını alır və kifayət qədər yaxşı haldır.  Rəng seçiminə gəldikdə isə burada elə bir problem görmürəm. Onsuz da istənilən qərarla bağlı cəmiyyətdə  alternativ fikir olur.  Vahid məktəbli forması  bütün məktəblər üçün eyni rəng tələb edilsəydi, o zaman da  valideynlər həmin rəngi bəyənmədiklərini deyəcəkdilər. Yəni hər məktəbdə fərqli rəngin olması elə bir ciddi məsələ deyil. Əsas odur ki, bir sinifdə, bir məktəbdə  oxuyan bütün şagirdlər eyni formada olacaq və sosial bərabərsizlik olmayacaq. Məktəb təlim-tərbiyə ocağıdır. Öyrənmə üçün sağlam mühitin yaradılması vacib şərtlərdəndir. Məhz sosial bərabərlik bu mühitə təsir edən amillərdəndir. Məktəb uşaqlara sadəcə təhsil vermir, məktəb həm də  təlim-tərbiyə ocağıdır. Öyrənmə üçün sağlam mühitin yaradılması vacib şərtlərdəndir. Məhz sosial bərabərlik bu mühitə təsir edən amillərdəndir. Vahid məktəbli geyim forması təhsil prosesində nizam-intizamlı mühitin formalaşmasına müsbət təsir göstərən amillərdən biridir. Məktəbli forması nizam-intizam, məktəbin atributudur. Şagirdlərin məktəbə formada gəlməsi onlarda şagird məsuliyyəti yaradır. Uşaq anlayır ki, o, əyninə bu formanı geyinib ancaq məktəbə gedə bilər. Bu mənada, məktəbli formasının xüsusi əhəmiyyəti var. Şagird səhər məktəbə gedərkən hansı geyimini geyəcəyini fikirləşmir. Anlayır ki, məktəblinin bir geyimi var, o da məktəbli formasıdır”.
  G.Səfərovanın sözlərinə görə, məktəbli formasından daha vacib məsələ isə orta məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsidir. Müəllimlərin sertifikasiyası çox gözəl prosesdir: “Ən azından artıq biləcəyik ki, uşaqlarımıza dərs keçən müəllimlər tədris etdiyi fənni bilir. Biz oxuyan vaxtlarda heç  məktəbli forması  yox idi, amma təhsilin keyfiyyətinə çox ciddi önəm verilirdi.   Əlavə müəllim hazırlığına getmədən ali məktəbə qəbul olmaq olurdu. Bizim də istəyimiz odur ki, orta məktəblərimizdə təhsilin keyfiyyəti əvvəlki kimi olsun. Təhsilə qədər müəssisələrin özündə belə təhsilin keyfiyyətinə xüsusi diqqət ayırılmalıdır. 
  Ona görə də vahid məktəbli formasının cəmiyyətdə bu qədər müzakirə edilməsinin tərəfdarı deyiləm. Bu bir qaydadır və hamı da riayət etməlidir. Cəmiyyət olaraq vaxtımızı daha ciddi məsələlərin işıqlandırılmasına, həll yolları axtarışına yönəltməliyik. Formanın bir məktəbdə boz, digər məktəbdə mavi rəng olması elə böyük bir məsələ deyil. Dediyim kimi, əsas odur ki, şagirdlərə verilən təhsilin keyfiyyəti yüksək olsun”.  
  İctmai Şuranın sədri vahid məktəbli formalarının sağlamlıq baxımından şagirdlərin keyfiyyətli parçalardan istifadə məsələlərinə xüsusi diqqət yetirib:
" Bir valideyn olaraq məktəbli formalarının keyfiyyətinə xüsusi diqqət yetirilməsini zəruri hesab edirəm.  Bazarda müxtəlif keyfiyyətlərdə  mallar var,  çox istəyərdim ki, materialın hamısı keyfiyyətli olsun. Uşaqların sağlamlığına zərər vura biləcək parçalardan istifadə edilməsin. Sevndirici hal isə odur ki, aztəminatlı, sosial durumu zəif olan ailələrə vahid məktəbli formasını əldə etmək üçün həm icra hakimiyyətləri, həm də təhsil idarələri dəstək göstərir. İctimai Şuraya edilən müraciətləri  aidiyyəti qurumlara yönləndirmişik və hər birinə  lazımi dəstək göstərilib.   Bilirsiniz ki, elə ailələr var ki, bir neçə övladı orta məktəbdə, bir neçə övladı da ali məktəbdə təhsil alır və məktəbli formalarının tez-tez dəyişdirilməsi valideynlərin ümumi xərclərini artırır".  
  Qeyd edək ki, yeni tədris ilindən başlayaraq orta ümumi təhsil müəssisələrində vahid məktəbli forması tətbiq ediləcək. Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib. Təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətəkdən,  oğlanlar üçün isə yay forması - üçdüyməli qısaqol köynək və şalvardan ibarətdir. Bundan başqa  qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaketdən, oğlanlar üçün isə qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaketdən ibarətdir.
+