Nəvələri olan nənə 55 yaşında universitet qazandı, JURNALİST OLACAQ

"Biz beşikdən məzara qədər elm öyrənməliyik"

Türkiyənin Niğde bölgəsində yaşayan, 3 övladı və 2 nəvəsi olan 55 yaşlı Ummu Selma Çınarın universitet arzusu gerçəkləşib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 3 qızını oxutdurduqdan sonra yarımçıq qalan təhsilini başa vurmaq istəyən Ümmü Selma Çınar universitet imtahanı verib. ÖSYM-nin 2023-cü il ali təhsilə yerləşdirmə proqramının nəticələrinə görə xəyalını qurduğu Niğde Ömer Halisdemir Universiteti Texniki Elmlər Peşə Məktəbinin Radio və Televiziya Proqramlaşdırma bölməsini qazanıb. 


“Oxumayanda özünü yarımçıq hiss edirsən” deyən Çınar sözlərinə belə davam edir: "Üç qızım var. İşlədim, təmizlik etdim, pilləkənləri təmizlədim, alma yığdım, kartof yığdım. Hər işi görüb qızlarımı ali məktəbə göndərdim. Biri tibb bacısı, ikisi ingilis dili müəllimi oldu. Oxumayanda adam əskik qalır. Mən də "Oxumaq istəyirəm" dedim. Qızlarıma bu həvəsimi deyəndə,"ana, sən də oxuya bilərsən" dedilər. Orta məktəbdə oxuyarkən səhər saat 05.00-da oyanır, işlərimi bitirir, yeməyimi bişirir, evi təmizləyirdim, dərs oxuyurdum. Əvvəlki ili bitirdim və imtahan verdim. Başqa yerdə oxuya bilərdim, amma məni cəlb edən radio və televiziya oldu. Ona görə də bu bölümü seçdim”.


Nəvəsi yaşında olan sinif yoldaşları ilə çox yaxşı anlaşdığını bildirən Çınar, "Onlara Z nəsil deyirlər, amma çox hörmətlidirlər. Hər birinə təşəkkür edirəm. Onlar mənim övladlarımdır, nəvələrimdir. Mən müəllimlərimdən də çox razıyam. Mənə çox hörmət edir, yol göstərirlər. Bu mühitdə oxumaq, nəfəs almaq başqadır. Bunun üçün hələ gec deyil. Biz beşikdən məzara qədər elm öyrənməliyik" deyə bildirib.

Ümmü Selma Çınarın sinif yoldaşı Şevval Ceylan, "Onun masa yoldaşım olması çox gözəldir. Eyni mühazirə qeydlərini paylaşırıq, eyni lövhəyə baxırıq. Mühazirə qeydləri və canlı dərslərdə köməklik edirəm. O da bizə öz bilikləri və təcrübəsi ilə kömək edir”.

Təhsili zamanı mühazirələrini diqqətlə dinləyən və kamera qarşısında çalışan Çınar indi bakalavr dərəcəsini almağı hədəfləyir.