"Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir".
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.
Deputat, həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: "Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır".
V.İskəndərov qeyd edib ki, hazırda Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir: "Şəki həmin regionun mərkəzi şəhəridir. Bu təhsil ocağı professor-müəllim heyəti və digər sahələrlə birgə müstəqil olmaq üçün tam hazırdır. Şəki təhsil və ziyalılar şəhəridir. Ona görə də burada universitetin müstəqil fəaliyyət göstərməsinə ehtiyac var. Hesab edirəm ki, gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, daha çox tələbə kontinentinə sahib olan universitetlərin paytaxtdan kənara köçürülməsi həyata keçirilməlidir:
"Azərbaycan Texniki Universiteti, Memarlıq İnşaat Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti,Dövlət Neft və Sənaye Universiteti və bir neçə ali təhsil müəsissələri var ki, onların paytaxtdan kənara çıxarılması bir növ köçürülən ərazidə infrastrukturun yaxşılaşdırılması, ərazilərin inkişaf edəcəyi kimi qiymətləndirmək olar. Həmçinin bu qərar paytaxtdakı tıxaclara da öz müsbət təsirini göstərəcək. Dünyanın elə ölkələri mövcuddur ki, orada həddindən artıq istər dövlət, istərsə də özəl universitetlər fəaliyyət göstərir. Ancaq həmin ərazilərdə sıxlıq müşahidə edilmir. Ümumi baxsaq, bu qərar müəyyən qədər müsbət təsir göstərəcək. Düşünürəm ki, tələbə yataqxanalarının da universitetlərin köçürüləcəyi ərazilərə yaxın yerlərdə tikilməsi tələbələrin rahatlığı üçün yaxşı ola bilər. Eyni zamanda tələbələrin loborotoriya şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançalarının təşkili və bu kimi amillər nəzərə alınmalıdır. Həmçinin bu faktlar öz əksini taparsa, Azərbaycan universitetlərinin dünya reytinq siyahısında tədricən yer almasına təsir edə bilər. Çünki qeyd edilən nüanslar reytinq siyahısına əlavə olunacaq məqamlardır".