Bəzi ixtisaslar var ki, fəaliyyət sahəsi ilə əlaqəli olaraq orada təhsil alan tələbələrin əksəriyyəti oğlanlardır. Məsələn, elektrik və elektronika mühəndisliyi, Nəqliyyat və logistika fakültəsi, Energetika və avtomatika fakültəsi, Metallurgiya və materialşünaslıq fakültəsi, Maşınqayırma və robototexnka fakültəsi, İnformasiya və telekommunikasiyalar fakültəsi, Xüsusi texnika və texnologiyaları fakültəsi və s. Ancaq statistikalara əsasən yuxarıda qeyd olunan texniki ixtisaslara qəbul olan qızların sayı ildən-ilə artır.
Azərbaycan Texniki Universitetindən aşağıdakı statistik məlumatlar təqdim olunub:
2019/2020-ci tədris ili üzrə - 318 tələbə
2020/2021-ci tədris ili üzrə - 417 tələbə
2021/2022-ci tədris ili üzrə - 468 tələbə
2022/2023-cü tədris ili üzrə - 457 tələbə
2023/2024-cü tədris ili üzrə - 606 tələbə
Təqdim olunan məlumatlara əsasən son 5 il ərzində universitetə qəbul olan qız tələbələrin sayında 288 nəfər artım müşahidə olunur. Maraqlıdır ,indiki dövrdə bu tip ixtisaslara qızların marağının artmasının səbəbi nədir?
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a söyləyib ki, sırf gender balansının ciddi şəkildə pozulmasına görə bəzi valideynlər xüsusi ilə qız ataları övladlarının həmin ixtisaslar da oxumasını istəmirlər:
"Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Bədən Tərbiyyə və İdman Akademiyasında daha çox oğlan tələbələr təhsil alır. Peşələr azda olsa, qızlar üçün uyğun sayılsa da sırf gender balansının ciddi şəkildə pozulduğuna görə bəzi valideynlər övladlarının həmin ixtisaslarda oxumasını əleyhinədir. Əslində təhsil müəssisələrini bu rakursdan dəyərləndirmənin qəti əleyhinəyəm. İndiki dövrdə AZTU, AZMİU-da və digər universitetlərdə qız tələbələrin sayının artmasının ilk səbəblərindən biri də bu yanaşmanın minimuma endirilməsidir. Artıq gender uyğunsuzluğu nə qız tələbələr, nə də ki valideynləri üçün problem olaraq dəyərləndirilmir. Bunun digər səbəbi bal az topladığı üçün nə yol olursa olsun,tələbə olmaq istəyindən qaynaqlanır. Misal olaraq, xanım abituriyent 230 bal toplayıb, AZMİU-nun hər hansısa bir ixtisasına düşür. Hansı ki, bu ixtisasda 30 yer varsa, bunun 29-u oğlanlardan ibarətdir. Qızlar belə ixtisasları az bal topladıqları üçün məcbur seçirlər".