"Deməli, müəllimlərin sertifikasiyasından ikinci dəfə kəsilən 50 şəxs məktəblərdə digər işlərlə təmin olunub. (Bakı şəhəri üzrə) Alqışlanası haldır. Bəli, bu tip müəllimlər öz fənlərinin tədrisi üçün yetərsiz olsalar da, ən azından, pedaqoji mühitdə çalışmış, onu hiss etmiş şəxslərdir. Digər işlərlə təmin olunmaları çox yaxşıdır...
P.S. Vay o günə ki, həmin işləri də öz fənləri səviyyəsində mənimsəmiş olalar.."
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri öz feysbuk səhivəsində izləyiciləri ilə bölüşüb.
Sözügedən məsələ ilə bağlı açıqlama verən Elmin Nuri "Sherg.az"a bildirib ki, Müəllimlərin sertifikasiya prossesindən ard-arda ikinci dəfə kəsilən müəllimlərin sayı 743 nəfər olub:
"Onlar qaydalara uyğun olaraq işdən azad olundular. Lakin Təhsil Nazirliyi humanist addım atdı. Nazirin şəxsən özü rəsmi tədbirlərdə, jurnalistlərlə keçirilən brifinqdə ikinci dəfə sertifikasiyadan kəsilən müəllimlər işdən kənaşdırılsa da, məktəbdə hər hansı bir işlə təmin olunma ehtimalından danışmışdı. Bir neçə gün öncə artıq Bakı şəhəri üzrə 50 bu cür şəxsin məktəblərdə müxtəlif vəzifələrlə təmin olunması haqqında rəsmi bildiriş verildi. Bakı şəhəri üzrə sertifkasiyadan 2-ci dəfə kəsilən və əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı isə 141 nəfərdir. Onların 50-si başqa vəzifələrlə təmin olunublar. Düzü, Bakı şəhəri üzrə Təhsil idarəsi bunun hansı vəzifə olduğu haqqında bir məlumat yaymayıb. Açığı bu informasiya o qədər də vacib deyil. Çünki məktəblərdə əsas müəllimlik vəzifəsidir. Çox ehtimal ki, onlar texniki və təşkilati işlərlə məşğul olacaqlar. Misal olaraq lobarant, kitabxanaçı, dərnək rəhbəri bura daxildir. Bir tərəfdən alqışlanacaq bir addımdır. Bunu statusumda vurğulamışam ki, onlar hər bir halda məktəb mühitini yaxşı bilən şəxslərdir".
Ekspert qeyd edib ki,onlar tədris etdikləri dərsləri yaxşı bilməsələr də, şagirdlərlə işləməyi bacararlar:
"Amma burda bir təcili siqnal çalınmalıdır. Bu məsələni ictimaiyyətləşdirməkdə məqsədim ondan ibarətdir ki, həmin işdən azad olmuş müəllimlər yenidən başqa fənnlərin tədrisinə yönləndirilməsin. Təəssüf ki, bu istiqamətdə qeyri-şəffaf şərait yaradılır. Bununla bağlı status paylaşan zaman təhsil sektorunda olan bəzi şəxslər də bu detalı əsas təhlükə kimi göstərdilər. Həmin müəlimlərin də qazancları olmadığı üçün texniki işlərdə çalışmasının əleyhinə deyilik. Ancaq həmin şəxsləri yenidən təhsilə yönəltmək təhsil adına faciə olacaq. Bəzən lazımsız humanizm öz-özlüyündə gələcəkdə kataklizmə gətirib çıxarır".