Xaricdə təhsil səviyyələri üzrə müsahibə mərhələsi başlayıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu 1 mart–15 iyun tarixlərində həyata keçilir.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə düyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçid əldə edirlər. Qəbul prosesinin tərkib hissəsi olan müsahibələrin keçirilməsinə 5 aprel tarixindən start verilir.

  
Müsahibə mərhələsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçid alır.

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.