Ona görə qəbul imtahanında yüksək nəticələr oldu
“Son 6-7 ildə ilk dəfə olaraq abituriyentlərin imtahan nəticələrində ciddi irəliləyiş müşahidə edirik. Bu da gözlənilən idi. Hətta 3-4 ay əvvəldən builki abituriyentlərin imtahan nəticələrinin ötən illərlə müqayisədə daha yüksək olacağının proqnozunu da vermişdim”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspertin fikrincə, nəticələrin yüksək olmasının səbəbi isə ölkədə baş verən siyasi proseslərdir:
“Ümumi dəyərləndirmə aparsaq, seçki olan illərdə şagirdlərin imtahan nəticələrində ciddi irəliləyiş müşahidə edilir. Lakin nəticələrin aldadıcı olduğunu düşünürəm. Nəticələrin yaxşı olması sualların tərtibatı ilə birbaşa əlaqəlidir. Əvvəlki illərin test tapşırıqları ilə müqayisədə bu il keçirilən buraxılış imtahanlarında sualların ağırlıq səviyyəsi xeyli azalmışdı.
Yəni seçki və digər məsələlərlə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) sualları asanlaşdırıb. Əks halda DİM dövlətin təhsil siyasəti üzərində spekülasyon təsirlərə malik deyil. Əgər DİM-in təhsilin inkişafına hər hansı bir formada töhfəsi olsaydı, builki nəticələr, hətta bundan daha yüksəyi ötən illərdə də təkrar olunardı. Onu da deyim ki, növbəti illərdə nəticələrin bu cür yüksək olacağını düşünmürəm. Çox güman ki, nəticələr kəskin şəkildə aşağı düşəcək. Buna da səbəb qeyd etdiyim kimi, sualların asan qoyulmasıdır. DİM sualların tərtibatı ilə bağlı gələn il tamamilə fərqli bir mühit yaradacaq”.
E.Qafarov təhsil göstəricilərinin Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarının nəticələri ilə yoxlanmasını qəbul etmir:
“İllərdir Dövlət İmtahan Mərkəzinin nəticələrinə görə, təhsili ciddi təndiq edirik. Hesab edirəm ki, birmənalı şəkildə bu qurumun təhsil sisteminə dağıdıcı müdaxiləsinin qarşısı alınmalıdır. DİM-də ciddi islahatlar aparılmalı və test tapşırıqlarını hazırlamaq səlahiyyəti bu qurumdan alınmalıdır. Bu mərkəz sadəcə olaraq imtahanları təşkil edən texniki quruma çevrilməlidir. Ancaq o zaman abituriyentlərin həqiqi bilik göstəricilərinin topladıqları bala uyğun səviyyədə olub-olmadığını müəyyən edə bilərik. DİM-in tərtib etdiyi test tapşırıqları şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Hətta builki imtahanlar nə qədər “yumşaldılmış” hesab edilsə belə, reallığı tam əks etdirmir”.
Qeyd edək ki, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.