MİQ-də narazılıq: Suallar çətin tərtib olunur?

Artıq dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) elektron sənəd qəbulu mərhələsi yekunlaşıb. Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilib. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.
2024-2025-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq. 
Hər il olduğu kimi, bu il də imtahanlarla bağlı namizədlər arasında narazılıq var. Namizədlər imtahandan, sualların çətinliyindən və həcmindən, vaxtın azlığından narazıdırlar. Ümumiyyətlə, bu imtahanların keçirilməsinin effekti nədən ibarətdir və niyə bu qədər narazılıq mövcuddur?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a qeyd edib ki, bununla bağlı narazılıqlar hər ilin yayında- yəni, MİQ müsabiqəsinin test imtahan mərhələsi başlanan zaman gündəmə gəlir:
"Sadəcə, müəllimlər "suallar çətin tərtib olunur" deyərkən nələri nəzərdə tuturlar sualı mənim üçün qaranlıq qalır. Əgər suallar tədris proqramından kənar tərtib olunursa, müəyyən uyğunsuzluqlar əsasında hazırlanırsa, o zaman test imtahanında iştirak edənlərdən bir çoxu nə səbəbə yüksək bal toplayır? Axı uyğunsuz və qəliz suallar salınırsa  və bu, namizədlərin göstəricisinə mənfi təsir edirsə, o zaman bir çox şəxsin bundan zərər çəkməsi məntiqli olmazdı? Biz isə əksini görürük. Hər il imtahan nəticələri qənaətbəxş olmayan müəllimlər ciddi surətdə eyni səbəbi qabartmaqla məşğuldur. Normal nəticə göstərənlər isə hər hansı giley-güzarla çıxış etmirlər. Deməli, məsələnin bu tərəfi yenə də qaranlıq qalır".


E.Nurinin sözlərinə görə, problemin bir tərəfi müəllim və namizədlərin özüdürsə, digər tərəfi də imtahanı həyata keçirən qurumdur:
"Çünki hər il analoji səbəblər səsləndirilirsə, bununla bağlı proses başa çatdırqdan sonra monotorinqlər aparılmalı, şikayətlər incələnməli və nəticələri ictimaiyyətə açıqlanmalıdır. Məsələyə digər rakursdan da baxaq: bir yanda bu deyimlərin zəif nəticə göstərən müəllimlər tərəfindən ortaya atılmış bəhanələr olduğunu bildiririk. Digər yandan isə mütəmadi olaraq eyni problemin hər il ardıcıl şəkildə səsləndirilməsinə laqeyd qalmaq da bir çox sualları ortaya çıxarır. Test imtahanı prosesini həyata keçirən ETN və onun tabeliyindəki ARTİ, o cümlədən, İnsan resursları mərkəzi bununla bağlı ən azı dəyirmi masa təşkil etməli, səsləndirilən arqumentlərə əsaslı cavablar verməlidirlər. Əks halda, deyilənlərin həqiqətən olması ehtimalı daha da artır. Bu, o qədər də qəliz prosses deyil. Hər bir fənnlə bağlı çətinlik dərəcəsi və uyğunluq, məzmunluq meyarına görə problem yaradan suallar ayrıca nəzərdən keçirilməli və izahı aparılmalıdır. Biz təəssüf ki, təşkilatçı qurumdan bunu görə bilmirik".