Bu il iyunun 8-də təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3909-u (3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi) keçid balını toplaya bilməyib. Qeyd edək ki,ötən il bu rəqəm 743 olub. Statistika cəmiyyətdə müzakirələrə səbəb olub.
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli "Sherg.az"a bildirib ki, bu il sertifikasiya imtahanları heç də çətin olmayıb:
"Bu göstəricilərdən illərdir ümum təhsil müəssisələrində olan keyfiyyətin aşağı olması və tələbələrin repitotorlara nə üçün müraciət etdikləri aydın olur. Hesab edirəm ki, sertifikasiya müəllimlərin peşə inkişafına və təhsil keyfiyyətinə müsbət təsir edir. Digər vacib məqam isə müəllim hazırlayan universitetlərdə təhsil proqramlarının günün tələblərinə tam cavab verməməsidir. Bu nüans sertifikatlaşdırmada ortaya cıxır. Fikrimcə, müəllim ixtisasları hazırlayan universitetlərdə təcili şəkildə proqram akkreditasiyasını surətləndirmək, arealı genişəndirmək lazımdır. Bu prosesdə qəti şəkildə gecikməz olmaz. Elm və Təhsil Nazirliyinin sertifikatlaşdırmaya olan yanaşmasını dəstəkləyirəm".
Təhsil eksperti Elşən Qafarov isə söyləyib ki,hər bir fənn üzrə sertifikasiya imtahanları ayrı-ayrı keçirilir:
''Belə ki, 2022-ci ildə ibtidai sinif, 2023-cü ildə Azərbaycan dili və Ədəbiyyat, 2024-də isə Rizayiyyat və Xarici dil müəllimləri imtahan verdi. Unutmamalıyıq ki, sertifikasiya işə qəbul imtahanı deyil. Yəni, hansısa bilik yarışması yox, müəllimin hazırki peşəkarlığını, bacarığını yoxlayır. Qeyd edim ki, Elm və Təhsil Nazirliyi sertifikasiyanı ilk dəfə keçirtdiyinə görə, çox hümanist yanaşır. Sadəcə müəllimlərin ilkin bilikləri yoxlanır. Suallar isə 7,8,9-cu sinif səviyyəsindədir. Bu baxımdan sertifikasiya imtahanlarının çətin olduğunu demək doğru deyil. Ötən il Azərbaycan və Ədəbiyyat müəllimləri arasında çox böyük kütlə, təqribən 6 min şəxs imtahandan kəsildi. İlk dəfədir ki, bu prosses keçirilir. Ümid varıq ki, növbəti dəfə müəllimlər daha ciddi hazırlaşacaq. Yalnız işə daxil olmaqla məsələ bitmir. Yerini rahatlaşdırmaq və peşəkarlığını inkişaf etdirməmək dövrü bitti".