Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Turan Anar oğlu Əliyev göstərib.
O, imtahanın birinci mərhələsində 281,7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693,9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393,9 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hünər qızı Hacıyeva göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, təəssüflər olsun ki, 2 və 3- cü ixtisas qruplarının may ayının 26-da keçirilmiş 1-ci blok imtahanının nəticələri elan olduqdan sonra bəlli oldu ki, 700 bal toplayan abituriyent yoxdur:
“Ümumiyyətlə 2 və 3-cü ixtisas qruplarının birinci cəhd imtahan nəticələri elədə qənaətbəxş deyil. Düzdür, 600 dən yuxarı bal toplayan abituriyentlər var. Ancaq bu o demək deyil ki, ümumi nəticələrin hər biri yaxşıdır. Bununda başlıca səbəbi birinci cəhd imtahanında ikinci əsas qrupunda coğrafiya fənni, üçüncü ixtisas qrupunda isə tarix və ədəbiyyat fənnində olan çətinliklərdir. Bu abituriyentlərin nəticələrinə öz mənfi təsirini göstərdi. İkinci cəhd imtahanında gözləntimiz böyükdür. Bilirik ki, birinci cəhddə abuturiyentlər buraxdıqları səhvləri aradan qaldırmaqla ikinci cəhddə imtahan nəticələrini daha da yaxşılaşdıracaqlar. Əgər ikinci cəhddə yenə də birinci cəhddəki kimi nəticələr qeydə alınarsa, o zaman bu il ötən illərdə formalaşan ixtisaslar üzrə keçid balları enə bilər. Bu fikri 2 və 3-cü ixtisas qruplarına nəzərən bildirirəm. 1 və 4-cü qruplarının nəticələridə yəqin ki, bu həftə sonu elan olunar. Ondan sonra nəticələr barədə məlumat vermək olar”.