BDU-dan iki xoş xəbər: Qazaxıstan və Özbəkistan üzrə...

Özbək, qazax dilini bilmədən bu ölkələrin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir dövlətçilik tarixini araşdırmaq mümkün deyil

Almaz Binnətova türk dövlətlərində ali təhsil haqqında diplomların tanınması məsələsinin də həllini tapmalı olduğunu dedi
 
 Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində iki yeni ixtisaslaşma - “Ölkəşünaslıq (Qazaxıstan üzrə)” və “Ölkəşünaslıq (Özbəkistan üzrə)” kadr hazırlığına başlanılacaq. Bu barədə BDU-nun məlumatında bildirilib. Qeyd edilir ki, bu ixtisaslaşmaların tələblərinə uyğun olaraq, “Qazaxıstan və Özbəkistan tarixi”, “Qazax və özbək xalqlarının dövlətçilik tarixi”, “Qazax və özbək xalqlarının etnogenez məsələləri”, “Qazax və özbək xalqlarının mədəniyyəti”, “Mərkəzi Asiya regionunun təhlükəsizlik problemləri kontekstində Qazaxıstan və Özbəkistan respublikaları”, “Türk dünyası daxili inteqrasiya prosesləri və Qazaxıstan və Özbəkistan respublikaları”, “Qazaxıstan və Özbəkistan respublikalarının xarici siyasəti”, “Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan münasibətlərinin geosiyasi aspektləri”, “Qazaxıstanda və Özbəkistanda etnosiyasi vəziyyət” və digər fənlərin tədrisi nəzərdə tutulur.  O da vurğulanır ki, ölkəmizdə bu ixtisaslaşmalar üzrə kadr hazırlığı ilk dəfə həyata keçiriləcək.

 Yazıçı-publisist, nəvaişünas alim, özbək ədəbiyyatının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, professor Almaz Ülvi Binnətova “Sherg.az”a açıqlamasında Bakı Dövlət Universitetində Qazaxıstan və Özbəkistan üzrə ölkəşünaslıq ixtisaslaşmasının mövcud olacağı xəbərini sevinclə qarşıladığını dedi:

- Bu, çox xoş xəbərdir.  Sevinirəm ki, BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında, həm də magistratura səviyyəsində Qazaxıstan və Özbəkistan üzrə ölkəşünaslıq ixtisaslaşmasına başlanılacaq. Bunun magistratura səviyyəsində olması isə bu sahədə yüksəkixtisaslı kardların hazırlanacağı deməkdir. Bu isə Azərbaycanın yürütdüyü siyasi xəttə tam uyğundur. Son illərdə Azərbaycanın Orta Asiya dövlətləri ilə, ümumlikdə türk dünyası və Asiya regionu ilə siyasi, iqtisadi və mədəni əlaqələri yüksək səviyyədə inkişaf edir. Cənab Prezident İlham Əliyevin Özbəkistana, Qazaxıstana rəsmi səfərləri, Özbəkistan, Qazaxıstan dövlət başçılarının ölkəmizə səfərləri dövlətlər və xalqlar arasında qardaşlığın, səmimi dostluğun, strateji tərəfdaşlığın göstəriciləridir. Qazaxıstan, Özbəkistan Ermənistanın işğalına qarşı Azərbaycanı daim dəstəkləyən ölkələr olub, 44 günlük Vətən müharibəsindən sonra isə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-yenidənqurma işlərində Azərbaycana dost yardımını əsirgəməyiblər. Bilirsiz ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Qazaxıstan prezidenti ölkəmizdə səfərdə olarkən cənab Prezident İlham Əliyevlə birlikdə mərkəzin açılışını etdilər. Ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva ölkəmizə qonaq oldular və Füzuli şəhərində Özbəkistan dövlətinin təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Cənab Prezident İlham Əliyev hər iki tədris müəssisəsinin açılış mərasmində çıxış edərkən bunları Qazaxıstan və Özbəkistanın Azərbaycana qardaş hədiyyəsi adlandırıb.  Bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi, türk dövlətlərinin rəhbərləri yenidən Azərbaycana – mədəniyyət paytaxtımız Şuşaya toplaşdılar. Bütün bunlar Azərbaycanın türk coğrafiyasındakı böyük nüfuza, sayğıya malik olduğunu göstərir. Belə bir dönəmdə, türk birliyinin möhkəmləndiyi tarixi mərhələdə ölkəmizin əsas ali təhsil müəssisəsindən biri olan Bakı Dövlət Universitetində Qazaxıstan və Özbəkistan üzrə ölkəşünaslıq ixtisasının açılması məqsədəuyğundur. Bu, çox gözəl yenilikdir, mən bunu alqışlayıram.

A.Ü.Binnətova bildirdi ki, bu yeni ixtisasların açılması təkcə qazax və özbək xalqlarının tarixi, ədəbiyyatı, etnosiyasi vəziyyəti və başqa sahələr üzrə biliklərə yiyələnməyə səbəb olmayacaq, eyni zamanda qazax və özbək dillərinin öyrənilməsinə də imkan yaradacaq:
- Yeni ixtisasların açılmasının önəmi həm də budur ki, qeyd edilən fənlərlə yanaşı qazax və özbək dillərinin öyrənilməsi də təşviq ediləcək. Özbək, qazax dilini bilmədən bu ölkələrin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir dövlətçilik tarixini araşdırmaq mümkün deyil. Hesab edirəm ki, xalqlarımız və türk dövlətləri arasındakı bu yaxınlaşma Qazaxıstan və Özbəkistanda latın qrafikasına keçidi də sürətləndirə bilər. Bizim əsas çətinliyimiz əlifba ilə bağlıdır.  Dili öyrənmək çətin deyil, amma yazılı qrafika fərqli olduqda tədqiqatlar, araşdırmalarda çətinlik yaranır.  Xatırladım ki, orta əsrlərdə bütün türk coğrafiyasında bir dil hakim olub – türk dili! Sonrakı dövrlərdə isə türk xalqlarının ədəbi-mədəni həyatında əsas türk dilinin ayrı-ayrı qolları formalaşmağa başlayıb. Bu, dilin inkişafı ilə bağlıdır. Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Türkmən dili türk dilinin oğuz qrupuna aiddir. Həmçinin bu dildə qıpçaq dil qrupunun əlamətləri də var. Qazaxların dili isə qıpçaq qoluna aiddir. Amma müxtəlif qolların hamısı, eləcə də Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, Anadolu türkcəsi... əsas – kök olan qədim türk dilindən qaynaqlanır. Hamımızın anladığı əsas – kök olan türk dili bu gün də işləkdir və biz qardaş xalqlarla ünsiyyət qurduqca, həmsöhbət olduqca bir-birimizi çox gözəl anlamağa başlayırıq.
 A.Ü.Binnətova türk dövlətlərində ali təhsil haqqında diplomların tanınması məsələsinin də həllini tapmalı olduğunu dedi:
- Yəqin ki, BDU-da magistratura səviyyəsində yeni ixtisaslar açılırsa, diplomların hər iki ölkədə tanınması məsələsi də həllini tapacaq.  Əgər biz yüksəkixtisaslı kadrlar hazırlayırıqsa, onların diplomları da tanınmalıdır ki, geniş türk coğrafiyasında sərbəst çalışa, işlə təmin edilə bilsinlər. Bu təşəbbüsü qaldırnalara, ona dəstək verənlərə, reallaşmasında əməyi olanların hər birinə təşəkkür edirəm. İlk növbədə də əlbəttə ki, cənab Prezident İlham Əliyevə, Qazaxıstan və Özbəkistan dövlət başçılarına. Ali dərəcədə qarşılıqlı razılaşma əldə edilməsə, bu yeni ixtisasları açmaq mümkün olmazdı.