Valideyn və abituriyentləri düşündürən sual...

Yaxşı bir universitet seçərkən bəzi meyarları nəzərə almaq vacibdir

Kamran Əsədov deyib ki, BDU, ADA, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri yüksək keyfiyyətli təhsil təklif edən universitetlər arasında tanınır


  Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi tarixi açıqlanıb.
 Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçimi 9-19 avqust tarixlərində aparılacaq.
Qeyd edək ki,  universitet imtahanına müraciət prosesi və universitet imtahanı zamanı, eləcə də imtahandan sonrakı seçim dövründə düzgün qərarlar vermək vacibdir. Bununla belə, bir çox tələbə öz duyğularına və ya çox məhdud meyarlara görə universitetləri seçir. Əslində, bəzən universitet seçimi prosesləri yalnız instinktiv hisslərlə idarə oluna bilir. Mütəxəssislərin sözlərinə görə, abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməlidir.

  ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında deyib ki, bu aralar valideyn və abituriyentlər tərəfindən ona  tez-tez xaricdə və ölkəmizdə hansı universitetlərin  yaxşı olması barədə suallar unvanlanır. Ekspertin fikrincə, hansı universitetin daha yaxşı olduğunu müəyyən etmək, bir çox faktora bağlıdır və şəxsi prioritetlərə görə dəyişə bilər: 

 “Ümumiyyətlə, yaxşı bir universitet seçərkən bəzi meyarları nəzərə almaq vacibdir. Məsələn, akademik proqramlar, tədqiqat imkanları, professor-müəllim heyəti, işəgötürmə və məzun uğurları, tələbə dəstəyi və resursları, o cümlədən də beynəlxalq reytinqlər. Universitetin təklif etdiyi ixtisaslar və bu ixtisasların keyfiyyəti kifayət qədər əhəmiyyətli amildir.  Məsələn, dünya miqyasında tanınmış universitetlər (məsələn, Harvard, MIT, Oxford) bu kimi  sahələrdə liderdir.
  Universitetin tədqiqat infrastrukturu və tələbələrə təqdim etdiyi tədqiqat imkanları. Güclü tədqiqat imkanları olan universitetlər tələbələrə innovativ layihələrdə iştirak etmək imkanı yaradır.  Müəllim kontingentinin peşəkarlığı və elmi nailiyyətləri isə ona görə önəmlidir ki, təcrübəli və tanınmış müəllimlərdən dərs almaq tələbələrin təhsil keyfiyyətini artırır. Universitetin məzunlarının işəgötürmə nisbətləri və karyera inkişafına gəldikdə isə deyim ki, əgər bir universitetin məzunları yüksək işəgötürmə nisbətinə malikdirsə, bu, universitetin təhsil keyfiyyətinin yüksək olduğunu göstərə bilər.
  Universitetin tələbələrə təqdim etdiyi dəstək xidmətləri və resursları isə akademik məsləhət, karyera xidmətləri, kitabxana imkanları və tələbə klublarını əhatə edə bilər. Universitetlərin dünya miqyasında tanınmış reytinqlərdə (məsələn, "QS World University Rankings", "Times Higher Education") necə qiymətləndirildiyi də vacibdir”. 
  
K.Əsədovun sözlərinə görə, Azərbaycan daxilində  Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri yüksək keyfiyyətli təhsil təklif edən universitetlər arasında tanınır. Bu universitetlər, müxtəlif sahələrdə yüksək keyfiyyətli tədris proqramları və tədqiqat imkanları ilə fərqlənir.