Bu il Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq ali təhsil müəssisələrinin plan yerlərinin 90%-dən çoxu dolub.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə-Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya-Azərbaycan Universitetinin plan yerləri isə 95.52% dolub.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, plan yerlərinin 90% dən çoxunun dolması kifayət qədər yaxşı nəticədir:
“Çünki hər il ikinci yerləşmədən sonra plan yerlərinin 96-97 faizi dolur. İlk dəfədən plan yerlərinin dolması o deməkdir ki, daha hazırlıqlı və yüksəl ballı tələbələr qəbul olub. Həmçinin bu il ilk dəfə regionda həm Qarabağ Universiteti, həm də Azərbaycan-Türkiyə Universitetinin sistemə qoşulması və dövlət sifarişli yerlərinin artırılması fonunda ən böyük tələbə qəbulu ilə yadda qaldı. 85 min abituriyentdən 55 mininin qəbul olması və ikinci yerləşdirmədə boş yerlərin dolması fonunda qəbul 95-96 faiz civarında olacaq. Birinci qrupda kibertəhlükəsizlik ixtisasına Bakı Ali Neft Məktəbində 687 bal ilə daxil olunur. Kifayət qədər yüksək baldır. Bu ixtisas perspektivdir və strateji əhəmiyyət daşıyır. Eyni zamanda ikinci qrupda isə Bakı Ali Neft Məktəbinin ən yüksək keçid balına sahib olması bu ilin diqqətdə qalan qəbul xəbərlərindən biridir. Əvvəlki illərə görə abituriyentlərin ən çox həvəs göstərdiyi ixtisaslarda keçid balı ötən ilə görə 20-30 bal nisbətində artıb. Bu isə daha savadlı abituriyentlərin tələbə adını qazanmasına dəlalətdir. Qeyd edim ki, dövlət sifarişli yerlərin sayında artım var. Daha savadlı tələbələr bu şəraitdən istifadə edə bilirlər. Keçid ballarının yüksəlməsi savadlı abituriyentlərin prioritet ixtisaslara aid olma istəyinin göstəricisidir”.