Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bu barədə agentlikdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected] ünvanına məlumat verməkləri xahiş edilir.
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli “Sherg.az”a bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və yaxud da Təhsil Nazirliyini heç bir şirkətlə əməkdaşlıq etmir:
“Seçim edən zaman müttəxəssisə müraciət etmək lazımdır. Əlbəttə hansısa şirkət universitet təklif edə bilər. Düşünürəm ki, bu sahəni bilən müttəxəssis ilə məsləhətləşmək lazımdır. Çünki şirkətlər həmin universitetlərin akkreditasiyasının olub-olmamasını, lisenziya əsasında fəaliyyət göstərib-göstərməməsini, bilməyə bilərlər. Bu kimi məsələlərə diqqət edilməlidir. Bir şirkətə inanaraq razılıq vermək olmaz. Görürük ki, əksər hallarda tələbələr qəbul olduqdan sonra universitetə gedirlər. Daha sonra məlum olur ki, onların diplomu tanınmır. Çünki həmin müəssisələrin akkreditasiyası yoxdur və fəaliyyəti qeyri-qanuni olur. Bu zaman isə tələbələr problemlərlə qarşılaşırlar. Mütəmadi olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomları tanınmayan ölkələrin universitetlərinin adını öz səhifələrində qeyd edirlər. Həmin siyahıdan baxmaqla məlumat əldə edə bilərlər”.