Tərbiyəçilərin ixtisasları ilə bağlı bilik və bacarıqlara sahib olması vacib məsələdir -Elçin Əfəndi

Avqustun 29-u saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət - tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.
Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin bu il keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.


Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, sınaq imtahanları bir növ yoxlama və ölçmə funksiyalarını yerinə yetirir:

“Tərbiyə verənlərin, təlimçilərin ümumi bilik və bacarıqları sınaq imtahanının nəticələri ilə müəyyənləşəcək. Bir neçə ildir ki, bağçalar dövlət başçısının müvafiq tapşırığı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. O dövrdən sonra  bağçalarda müəyyən islahatlar həyata keçirilməyə başladı. Məsələn, elektron qaydada şagirdlərin bağçalara yerləşdirilməsi, məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş, Nazirlər Kabinetinin qərarı əsasında orta ixtisas təhsil müəssisələrində, o cümlədən, ailə təhsil müəssisələrini bitirən şəxslərin işə qəbul prosedurunun həyata keçirilməsi, elektron qayda  onların qeydiyyatı və imtahan vermələri əsasında müəyyən edilir. Bu dövrə qədər səlahiyyət icra hakimiyyətində idi. Ona görə də prosesi istədikləri kimi idarə edirdilər. Adiyyatı olmayan şəxslər bağça müdiri təyin edilir, tərbiyəçi müəllim qisimində təhsilə cəlb edilirdilər. Hazırda gözləntimiz ondan ibarətdir ki, konkret ixtisas sahibləri təhsilə cəlb olunacaqlar. O, cümlədən nazirlik tərəfindən faktiki çalışanların diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Öz bilik və bacarıqlarını bu istiqamətdə sərgiləməyənlər artıq prosesdən kənarlaşdırılacaq. Düşünürəm ki, bu da doğru qərardır. Çünki bağçada təhsil verənlərin ixtisasları ilə bağlı kifayət qədər bilik və bacarıqlara sahib olması vacib məsələlərdən biridir. Bu istiqamətdə atılan addımları müsbət dəyərləndirmək lazımdır”.