Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin vaxtı məlum olub.
Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2024-cü il avqustun 30-dən sentyabrın 3-dək aparılacaq.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, kolleclərə marağı artıran səbəblərdən ən birincisi subbakalavrların imtahansız bakalavr pilləsinə qəbul olmasıdır:
“4 ildir ki, bu qərar qüvvəyə minib. Kollecdə ÜÖMG -si yüksək olan tələbələr, uyğun ixtasaslarda bakalavr pilləsini seçə bilirlər. Yəni kollecdən universitetə eyni və ya yaxın ixtisasa qəbul olurlar. Bu birbaşa imtahansız və müraciət əsasında həyata keçirilir. Bu gün kollecləri diri saxlayan yeganə səbəb məhz budur. Əks halda kolleclərə maraq yox səviyyəsində olardı. İki istiqamətdəki kollecələrə maraq var. Biri tibb, digəri isə humanitar kolleclərdir. Tibb kollecinində müəyyən ixtisasları bitirmiş tələbələr əmək bazarında işsiz qalmırlar. Rəsmi iş yeri olmasa belə, onlara tələb var. Savadlı tibb bacılarını həkim kimi qəbul edirik. Humanitar kolleclərdə isə idman müəllimliyini çıxmaq şərti ilə, bütün pedaqoji ixtisaslar bakalavr pilləsinə verilib. Bu da humanitar kolleclərə olan marağı azaltdı".
Ekspert qeyd edib ki, Azərbaycanda kolleclər universitetlərin alt bazası olduğu üçün müəyyən formallıq qazanıb:
"Mən hər zaman istəmişəm ki, kollec peşə təhsilinin üst səviyyəsi kimi xarakterizə olunsun. Bu gün peşə təhsil müəssisələri tələb-təklif prinsipinə görə xüsusi seçilirlər. Hətta elə uşaqlar görürük ki, kollec seçməkdənsə, peşə təhsil müəssisələrini seçirlər. Onlara haqq qazandırmalıyıq. Bu mənada kolleclər də praktiki meyarlar istiqamətində öz işini qurmalıdır. Kolleclər universitetin alt bazası olduqca, inkişaf etməyəcək. Kollec peşə təhsil müəssisəsinin üst səviyyəsi kimi göründükdə, öz işini bu tərzdə qurduqda, tələbatlılığını artırdıqda faydalı olacaq”.