Azərbaycanın elm sahəsində rəqəmlər ürəkaçan deyil - AÇIQLAMA

Bu, bir çox sahədə ciddi dəyişikliklərin və islahatların həyata keçirilməsini tələb edir

  “Elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində çalışırıq”.
Bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Forumun Azərbaycan elminin inteqrasiya nəticəsində inkişafına böyük töhfə verəcəyini vurğulayan nazir qeyd edib ki, Azərbaycan elmi ciddi bir transformasiyadan keçib: “Azərbaycan elminin göstəricisi, təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik”.
 
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, elmlə bağlı rəqəmlərin ürəkaçan olmaması, Azərbaycanın elmi və təhsil sahəsində müəyyən problemlərin olduğuna işarə edir:

 “Azərbaycanın elmi sahəsində rəqəmlər ürəkaçan deyil və bu, bir çox sahədə ciddi dəyişikliklərin və islahatların həyata keçirilməsini tələb edir. Elmi fəaliyyətin keyfiyyətini və kəmiyyətini artırmaq, beynəlxalq səviyyədə tanınma əldə etmək üçün elmi sahəyə daha çox investisiya yatırılmalı, gənc tədqiqatçılara dəstək verilməli, infrastruktur və beynəlxalq əməkdaşlıqlar gücləndirilməlidir. Yalnız bu yolla Azərbaycan elmi beynəlxalq səviyyədə rəqabətqabiliyyətli ola bilər. Əvvəla onu deyim ki, Azərbaycanın elmi-tədqiqat sahəsindəki göstəricilər beynəlxalq səviyyədə yüksək deyil. 2022-ci ilin göstəricilərinə görə, "Scopus" və "Web of Science" kimi beynəlxalq elmi bazalarda yer alan azərbaycanlı tədqiqatçıların məqalələrinin sayı məhduddur. "Scopus"da yerləşdirilmiş məqalələrin sayı 2020-2022-ci illərdə təxminən 2500-3000 civarındadır. Qonşu ölkələrlə müqayisədə, bu rəqəm əhəmiyyətli dərəcədə aşağıdır. Məsələn, Türkiyədə bu göstərici 50.000, İranda isə 60.000-dən çoxdur.
 Jurnalların reytinqinə gəldikdə isə onu deyə bilərəm ki, azərbaycanlı tədqiqatçıların məqalələrinin əksəriyyəti aşağı reytinqli (Q3 və Q4) jurnallarda dərc olunur. Q1 və Q2 jurnallarda çap olunan məqalələrin sayı isə çox azdır, bu da elmi tədqiqatların keyfiyyətində ciddi problemlərin olduğunu göstərir.
  Bilirsiniz ki, tədqiqatların digər alimlər tərəfindən istinad edilməsi elmin təsirini göstərən əsas göstəricilərdən biridir. Azərbaycan alimlərinin məqalələrinə istinad edilən hallar da çox azdır. Orta istinad göstəricisi beynəlxalq standartlara nisbətdə aşağı səviyyədədir”.

  K.Əsədovun sözlərinə görə, elmin inkişafı üçün əsas faktorlardan biri də dövlət və özəl sektor tərəfindən maliyyələşdirmədir: 
“Azərbaycanın dövlət büdcəsindən elm və təhsil sahəsinə ayrılan vəsaitin həcmi 2022-ci ildə ÜDM-nin yalnız 0.2-0.3 faizini təşkil edib. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2 faizdən yuxarıdır. Məsələn, Cənubi Koreyada ÜDM-nin təxminən 4 faizi elm və texnologiyaya sərf olunur. Azərbaycanda R&D xərcləri çox aşağıdır. 2021-ci ilin məlumatlarına əsasən, bu göstərici 0.17 faiz təşkil edir. Bu, beynəlxalq göstəricilərdən, məsələn, Avropa Birliyindəki 2.2 faiz orta göstəricidən xeyli aşağıdır. Azərbaycanda hər 1 milyon nəfərə düşən alim və tədqiqatçıların sayı təxminən 500-600 nəfərdir. Qonşu ölkələrlə müqayisədə bu rəqəm də çox aşağıdır; məsələn, Rusiyada bu göstərici 3.500-dən çoxdur.
Üstəlik, Azərbaycan elminin yaş strukturu da problemlidir. Alimlərin çoxu 50 yaşdan yuxarıdır, gənc alimlərin sayı azdır. Bu da elmin davamlılığı və gələcəyi üçün böyük bir problemdir. Gənc tədqiqatçılara dəstək azdır və onların ölkədən çıxış imkanları daha yüksəkdir, bu da beyin axını problemini yaradır”.

  Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakının məhdud olduğunu xatırladan təhsil eksperti deyib ki, Avropa İttifaqının Horizon proqramlarında və ya digər beynəlxalq tədqiqat layihələrində iştirak edən azərbaycanlı alimlərin sayı azdır: 
“Bu həm maliyyələşdirmə, həm də beynəlxalq əlaqələrin zəifliyinə işarədir.
  Elmi əməkdaşlıq və tədqiqatlarda ölkənin cəlbediciliyi də aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrin elmi institutları ilə mübadilə və birgə layihələr sahəsində də irəliləyiş yoxdur. Azərbaycanın gənc tədqiqatçı və alimlərinin xaricə getməsi, digər ölkələrdə təhsil alıb orada qalması beyin axını problemi yaradır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin böyük bir hissəsi isə demək olar ki, ölkəyə geri qayıtmır. Bu da elmi kadr potensialının azalmasına səbəb olur və ölkədə elmin inkişafını ləngidir. Sadaladığım bu göstəriciləri əsas götürərək, Azərbaycanın elminin inkişafını təmin etmək üçün bir neçə təklifim var. Maliyyələşdirməni artırmaq lazımdır. Elmi tədqiqatlar və innovasiya sahəsinə dövlət büdcəsindən və özəl sektordan ayrılan vəsaitlər artırılmalıdır.
Eyni zamanda gənc alimlərin tədqiqat aparması və xaricdə təcrübə qazanması üçün xüsusi proqramlar və qrantlar təşkil edilməlidir. Elmi tədqiqatların aparılması üçün lazımi infrastrukturun qurulması, müasir laboratoriyalar və elmi mərkəzlərin yaradılması da kifayət qədər vacibdir.
 O cümlədən də beynəlxalq elmi layihələrdə iştirakın artırılması, xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsi üçün strategiyalar hazırlanmalıdır” .