Ekspert: Orta məktəblərdə vətəndaşlıq fənni tədris olunmalıdır

Vətəndaşlıq tədrisində şagirdlərə dövlət quruluşu, qanunlar və hüquqi sistem haqqında əsas biliklər verilməlidir

  Orta məktəbdə yeni fənn tədrisə daxil edilməlidir: vətəndaşlıq fənni. Bu fənnin ayrıca fənn kimi tədris edilməsi təhsil sistemində olduqca vacibdi və şagirdlərdə məsuliyyətli və fəal vətəndaş kimi yetişmələri üçün mühüm əhəmiyyət daşıyır. Dünya təcrübəsində bir çox ölkə məktəblərində vətəndaşlıq fənnini tədris edir, bu fənn vasitəsilə şagirdlərə sosial, hüquqi və etik dəyərlər aşılanır.

  Bu barədə “Sherg.az"a açıqlama verən ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib ki, müxtəlif ölkələrdə vətəndaşlıq təhsili uzun illərdir tədris olunur və bu fənn məktəb proqramlarının ayrılmaz hissəsinə çevrilib:
 “ABŞ, Böyük Britaniya, Kanada, Finlandiya və Fransa kimi ölkələr vətəndaşlıq fənnini xüsusi diqqət mərkəzində saxlayır. Bu ölkələrdə vətəndaşlıq tədrisinin əsas məqsədi şagirdlərə hüquqlarını və vəzifələrini öyrətmək, demokratik cəmiyyətin iş prinsiplərini anlamaq və sosial məsuliyyət hissi inkişaf etdirməkdir.
Məsələn, Finlandiyada vətəndaşlıq təhsili fənnində şagirdlərə demokratiya, insan haqları, bərabərlik, ictimai məsuliyyət kimi dəyərlər tədris edilir. Bu fənn çərçivəsində şagirdlər müxtəlif sosial problemlər, qərar qəbuletmə prosesləri və dövlətin quruluşu haqqında dərin məlumat əldə edirlər. ABŞ-də vətəndaşlıq tədrisi demokratiya, konstitusiya hüquqları və vətəndaş məsuliyyətləri üzərində qurulur. Şagirdlər seçki prosesini, qanunvericilik orqanlarının iş prinsiplərini və vətəndaşların cəmiyyətdə aktiv iştirakını öyrənirlər.
Təhsil tədqiqatçıları vətəndaşlıq fənninin tədrisini gənclərin cəmiyyətə inteqrasiyası və vətəndaş şüurunun formalaşdırılması baxımından çox mühüm hesab edirlər”. 

  Təhsil ekspertinin sözlərinə görə, vətəndaşlıq fənni, şagirdlərin cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi yetişməsinə yardım etməlidir.  Şagirdlərə demokratik cəmiyyətin əsas prinsipləri, vətəndaşların hüquq və vəzifələri, seçki hüququ, insan haqları və bərabərlik anlayışları tədris edilməlidir. Bu mövzu çərçivəsində şagirdlər demokratiya mexanizmlərini və vətəndaşların dövlət idarəçiliyindəki rolunu öyrənməlidirlər:
 “Vətəndaşlıq tədrisində şagirdlərə dövlət quruluşu, qanunlar və hüquqi sistem haqqında əsas biliklər verilməlidir. Konstitusiyanın əsas prinsipləri və vətəndaşların hüquqi məsuliyyətləri geniş izah olunmalıdır. Şagirdlərə sosial məsuliyyət hissini aşılamaq üçün etik dəyərlərə xüsusi diqqət yetirilməlidir. Empatiya, ədalət, dürüstlük və sosial bərabərlik kimi dəyərlər bu fənn vasitəsilə tədris olunmalıdır. Şagirdlər cəmiyyətə xidmət etmənin və sosial problemlərin həllində fəal iştirak etmənin əhəmiyyətini öyrənməlidirlər. Vətəndaşlıq tədrisi çərçivəsində ekoloji biliklər də vacibdir. Şagirdlər ətraf mühitin qorunması və davamlı inkişaf anlayışlarını mənimsəməli, bu sahədə məsuliyyət hissi daşıyan vətəndaşlar kimi yetişdirilməlidirlər. Fövqəladə hallar zamanı vətəndaşların necə davranmalı olduqları, təhlükəsizlik tədbirləri və fövqəladə hallarda necə müdafiə olunmaq haqqında məlumat verilməlidir. Bu mövzu vətəndaşların təhlükəsizlik və özünü müdafiə bacarıqlarını artırmağa xidmət edəcəkdir.
  Həmçinin şagirdlərə iqtisadiyyatın əsas anlayışları, şəxsi maliyyə idarəçiliyi və sosial ədalət anlayışları öyrədilməlidir. Bu, onlara iqtisadi və sosial ədalət prinsiplərinə əsaslanaraq cəmiyyətdə necə fəal iştirak edə biləcəklərini başa düşməyə kömək edəcək”.

  K.Əsədovun sözlərinə görə, təhsil sistemində vacib bir yerə sahib olan bu fənn  şagirdlərə yalnız hüquq və demokratiya anlayışlarını öyrətməklə kifayətlənməyəcək, həm də onları məsuliyyətli, ədalətli və empatiya ilə hərəkət edən vətəndaşlar kimi yetişdirəcəkdir:
 “Vətəndaşlıq fənni vasitəsilə şagirdlər dövlət quruluşunu anlamaq, hüquq və vəzifələrini mənimsəmək və sosial məsuliyyət daşımaq üçün lazımi bilik və bacarıqları əldə edəcəklər. Azərbaycanın təhsil sistemində də vətəndaşlıq tədrisinin inkişafı və genişlənməsi vacib addım olar və gələcək nəsillərin daha məsuliyyətli və fəal vətəndaşlar kimi yetişməsinə xidmət edər”.

  Təhsil eksperti Nabatəli Qulamoğlu isə  dünya təcrübəsində belə bir fənnin tədris edilmədiyini deyib:
 “Bəzi ölkələrdə sosial sciense (sosial elmlər) adlı fənn tədris olunur.  Məktəblilərin təhsil kompetensiyaları içərisində vətəndaşlıq kompetensiyası vardır. Buraya cəmiyyətin fəal üzvü olmaq, aktiv və passiv seçki hüququnu həyata keçirmək və digər məsələlər daxildir. Bu kompetensiyaları hazırda tədris edilən fənlər çərçivəsində aşılamaq olar. Bizim məktəblərdəki fənlər sayına görə az qala iki dəfə sivil ölkələrdə tədris olunan fənlərdən çoxdur. Yenə uşaqların çantasını 1 kq. ağırlaşdıraq?".