Uşaqları təhsil müəssisələrinə avtobuslar daşıyacaq -RƏY

Bu model indiki vaxtda ən gözəl gerçəklikdir

Bu model ucqar kəndlərdə yaşayan uşaqların təhsil imkanlarını genişləndirəcək və onların məktəbə hazırlıq səviyyəsini artıracaq


 Azərbaycanda səyyar formada məktəbəqədər təhsil xidməti göstəriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. O bildirib ki, bunun üçün təhsil avtobusları ayrılacaq: "Bu avtobuslar ucqar kəndlərə gedərək, orada məktəbəqədər təhsil xidməti göstərəcək. Beləliklə, avtobuslar bir gün ərzində iki kənddə xidmət göstərmək iqtidarında olur. Bu yolla da biz daha çox uşağı məktəbəqədər təhsilə cəlb etməyi düşünürük".

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov da “Sherg.az”a açıqlamasında deyib ki, ETN-in bu təşəbbüsü ənənəvi məktəbəqədər təhsil müəssisələrinin olmadığı yerlərdə mühüm sosial və təhsil ehtiyaclarını qarşılamağa yönəlib: 

 “Azərbaycanda məktəbəqədər təhsil sistemi uzun müddətdir ki, müəyyən infrastruktur problemləri ilə üzləşir. Xüsusilə, ucqar kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya mövcud olanların çatışmazlığı uşaqların erkən yaşda təhsildən kənarda qalmasına səbəb olur. Statistik məlumatlara görə, ölkədə məktəbəqədər təhsil alan uşaqların ümumi sayının yalnız 30-40 faizi bu sistemdən faydalana bilir. Bu göstərici ucqar kəndlərdə daha da aşağıdır. Bu vəziyyət uşaqların məktəbə hazırlıq səviyyəsinə və ümumi təhsil nailiyyətlərinə mənfi təsir göstərir.
“Avtobus-bağça” modeli dünyada uğurla tətbiq olunan səyyar təhsil xidmətlərinin bir nümunəsidir. Məsələn, Türkiyə, Hindistan və Filippin kimi ölkələrdə mobil təhsil xidmətləri kənd yerlərində yaşayan uşaqlar üçün təhsil imkanlarını genişləndirmək məqsədilə istifadə olunur. Bu model, xüsusilə resursların məhdud olduğu ərazilərdə uşaqların erkən yaşda təhsilə qoşulmasını təmin edir. Bu yanaşma, təhsil resurslarının daha geniş kütlələrə çatdırılması üçün iqtisadi baxımdan da səmərəlidir”.

“Avtobus-bağça” modelinin bir çox üstünlükləri olduğunu vurğulayan ekspert deyib ki, bu model ucqar kəndlərdə yaşayan uşaqların təhsil imkanlarını genişləndirir və onların məktəbə hazırlıq səviyyəsini artırır: 
“Təhsil mühiti olmayan ərazilərdə belə bir xidmətin göstərilməsi uşaqların intellektual və sosial inkişafına böyük töhfə verəcək. Həmçinin bu model valideynlərin övladlarını təhsil müəssisələrinə göndərmək üçün əlavə vaxt və resurs sərf etməsinin qarşısını alır. Bununla yanaşı, “avtobus-bağça” modeli təhsilə əlçatanlıq baxımından bərabərliyi təmin edir. Bütün uşaqların, yaşadıqları yerdən asılı olmayaraq, bərabər təhsil imkanlarına malik olması sosial ədalətin təmin olunması baxımından əhəmiyyətlidir. Təhsilin hər bir uşağın həyatına təsir etdiyi və onların gələcək uğurlarını müəyyən etdiyi nəzərə alınarsa, belə bir modelin tətbiqi uzunmüddətli perspektivdə cəmiyyətin rifahına müsbət təsir göstərəcək. Lakin bu modelin uğurlu olması üçün müəyyən çətinliklərin aradan qaldırılması tələb olunur. İlk növbədə, avtobuslar müasir tədris vasitələri və təhlükəsizlik avadanlıqları ilə təchiz edilməlidir. Müəllimlərin səyyar tədris xidmətləri üçün xüsusi təlim keçməsi və bu modelin xüsusiyyətlərinə uyğun hazırlanması zəruridir. Bundan əlavə, avtobusların texniki vəziyyətinin mütəmadi olaraq yoxlanılması və lazımi resurslarla təmin edilməsi vacibdir. Bu təşəbbüs, Azərbaycanın təhsil sisteminin müasir və innovativ həllərə açıq olduğunu göstərir. Məktəbəqədər təhsilin inkişafı, ölkənin insan kapitalının gücləndirilməsi və sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. “Avtobus-bağça” layihəsi, hər bir uşağın keyfiyyətli təhsil almasını təmin etmək və cəmiyyətin inkişafına töhfə vermək üçün atılan mühüm addımlardan biridir. Təhsilin əlçatanlığını artırmaqla yanaşı, bu model Azərbaycanın təhsil sahəsində dünya təcrübəsini uğurla tətbiq etməyə qadir olduğunu da sübut edir”.