Kamran Əsadov: Təhsil haqqında” Qanun valideynlərdən əlavə ödəniş tələb edilməsini qadağan edir

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi, müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması ilə bağlı iddialar yayılıb. Yayılan iddialarla bağlı aparılan araşdırmalar zamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisəsində bir sıra nöqsanlar aşkar edilib və Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Modern.az araşdırıb ki, sözügedən məktəbin direktoru Gülbəniz Bayramovadır.
O, bu ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.
Qeyd edək ki, sözügedən məktəb Gəncənin ən qalmaqallı təhsil müəssisələrindən biridir. Məktəbin əvvəlki direktoru Mətanət Qarayeva 2022-ci ildə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Mətbuatda yayılan məlumatlara görə, o, 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. Ancaq rəsmi qurumlar bu iddianın doğru olmadığını bildirib. Daha sonra direktor vəzifəsindən azad edilib.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul yığılması, o cümlədən şagirdin çantasına xəbərsiz şəkildə sınaq imtahan bileti qoyulması həm qanunvericiliyə, həm də pedaqoji prinsiplərə zidd bir davranışdır: 

“Təhsil müəssisələrinin əsas funksiyası şagirdlərə bilik və dəyərlər qazandırmaqdır, lakin bu cür halların baş verməsi həm müəllimlərin, həm də məktəb rəhbərliyinin peşəkarlığını və etik davranışlarını sual altına qoyur. Belə davranışların cəmiyyətdə təhsil sisteminə olan inamı zəiflətdiyi və şagirdlərdə təhsilə qarşı mənfi münasibət yaratdığı açıq-aşkardır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində təhsil pulsuzdur. “Təhsil haqqında” Qanun və “Ümumtəhsil məktəblərinin nizamnaməsi” valideynlərdən hər hansı əlavə ödəniş tələb edilməsini qəti şəkildə qadağan edir. Fond pulu, təmizlik pulu, xadimə pulu və summativ qiymətləndirmə üçün tələb edilən vəsaitlər qanunsuzdur və belə halların baş verməsi məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir. Təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilir və şagirdlərin valideynlərindən əlavə ödəniş tələb edilməsi onların hüquqlarının pozulmasıdır. Şagirdin çantasına xəbərsiz şəkildə sınaq imtahan bileti qoyulması isə müəllim etikasına zidd bir hərəkətdir. Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda şagirdlərə düzgün davranış nümunəsi göstərən şəxsdir. Bu cür davranışlar müəllimlərin nüfuzuna, şagird-müəllim münasibətlərinə və təhsil prosesinə ciddi zərər vurur. Şagirdlərə belə yanaşma onların özlərini yalnız pul mənbəyi kimi hiss etmələrinə səbəb ola bilər və bu, təhsil mühitindəki əsas dəyərlərə ziddir. Həmin məktəbin direktoruna şiddətli töhmət verilməsi problemin həllində yalnız qismən addım hesab edilə bilər. Bu cür qanunsuzluqların qarşısını almaq üçün sistemli yanaşma tətbiq olunmalıdır. Töhmət vermək yalnız xəbərdarlıq xarakteri daşıyır və köklü problemlərin həlli üçün kifayət deyil. Belə halların təkrarlanmaması üçün məsuliyyət daşıyan şəxslərə qarşı daha ciddi tədbirlər görülməli və bu cür davranışlar təkrarlandığı halda, onların vəzifələrindən kənarlaşdırılması təmin edilməlidir”. 

Ekspert qeyd edib ki, belə halların baş verməməsi üçün bu  addımlar atılmalıdır:
“Birincisi, təhsil müəssisələrində şəffaflıq və məsuliyyət prinsipləri gücləndirilməlidir. Valideynlərdən və ya şagirdlərdən hər hansı formada pul tələb edilməsi qəti qadağan edilməli və bu cür hallar haqqında şikayətlər üçün xüsusi mexanizmlər yaradılmalıdır. Təhsil Nazirliyi və yerli idarəetmə orqanları bu cür məsələlərə nəzarəti gücləndirməli, şikayətlərə operativ və obyektiv şəkildə baxmalıdır.
İkincisi, müəllimlərin və məktəb rəhbərliyinin etik davranış qaydalarına riayət etməsi təmin olunmalıdır. Müəllimlərin tədris prosesində şagird və valideynlərə hörmətlə yanaşması və onların hüquqlarını qoruması əsas prinsiplərdən biridir. Bu cür hallara yol verən müəllim və rəhbər işçilər məsuliyyətə cəlb edilməli, eyni zamanda təkrar halların qarşısını almaq üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Üçüncüsü, məktəblərdə əlavə maliyyə ehtiyaclarının qarşılanması üçün valideynlərə müraciət etmək əvəzinə, dövlətin dəstəyi gücləndirilməlidir. Məktəblərin təmir işləri, təmizlik və digər xərcləri üçün ayrılan büdcə vəsaitlərinin səmərəli şəkildə idarə olunması təmin edilməli, maliyyə ehtiyacları dövlət və yerli idarəetmə orqanları tərəfindən tam şəkildə qarşılanmalıdır.
Dördüncüsü, şagirdlərə sınaq imtahan biletlərinin satılması ilə bağlı məsələlərə son qoyulmalıdır. Sınaq və ya summativ qiymətləndirmələr yalnız məktəbin resursları əsasında təşkil olunmalı, bu prosesdə heç bir kommersiya fəaliyyəti həyata keçirilməməlidir. Təhsil prosesində səmərəlilik və keyfiyyət əsas məqsəd olmalı, maliyyə maraqları bu məqsədləri kölgədə qoymamalıdır.
Nəticə olaraq, məktəblərdə qanunsuz pul yığımına və etik olmayan davranışlara qarşı ciddi tədbirlər görülməlidir. Təhsil sistemi yalnız qanunlara deyil, həm də etik prinsiplərə əsaslanmalıdır. Hər bir şagirdin hüquqlarının qorunması və sağlam təhsil mühitinin təmin edilməsi üçün həm valideynlər, həm də dövlət strukturları bu məsələdə birgə məsuliyyət daşımalıdır. Bu, gələcəyimizin təməlini təşkil edən təhsilin keyfiyyətinə birbaşa təsir edir”.