Ekspert: Kadr hazırlığı istiqamətində yoxlama mexanizmi formalaşdırılmalıdır

Hüquq fakültəsini bitirən bir tələbə iddia ərizəsi yaza bilmirsə, bu, həqiqətən də, ciddi problemdir


"Bir çox ali təhsil müəssisələrimizdə fərqli ixtisasların tədrisi həyata keçirilir. Fikrimcə, bu, yolverilməzdir. Ümumiyyətlə, ali məktəblərin bir çoxu ixtisasların tədrisini beynəlxalq standartlara uyğun aparmır".

Bu sözləri “Sherg.az"a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. 

Xüsusən özəl ali təhsil müəssisələrində vəziyyətin  çox dəhşətli olduğunu vurğulayan ekspert bildirib ki,  universitetdə mühəndislik ixtisasları verilib, amma universitetin bunu tədris etməsi üçün kifayət qədər maddi-texniki bazası yoxdur, laboratoriyaya malik deyil:
 “Kor-koranə ixtisas tədris edilir və kor məzun yetişdirilir. Sabah həmin məzunlar da əmək bazarında iş tapa bilmir. Universitetin hər istədiyi ixtisası ona tədris edilməsi üçün verməməliyik. Əgər universitet maşın mühəndisliyi ixtisası açmaq istəyirsə, biz bunun üçün lazımi laboratoriyanın olmasını, maddi-texniki bazasının mövcudluğunu yoxlamalıyıq, hətta kiçik bir zavod formatlı bir praktiki tədris sinifinin mövcudluğunu tələb etməliyik. Bu ixtisasın öhdəsindən gələcək meyarlara cavab verməyən universitetlərə qətiyyən həmin ixtisaslar verilməməlidir.
Bu gün bizim bir çox ali təhsil müəssisələrini bitirən məzunlar birbaşa əmək bazarında mövqe tuta bilmir. Bunun səbəbi ali təhsil müəssisələrinin kadr hazırlığında qeyri-peşəkar olmasıdır. Bu gün bizim müəllimlik ixtisasları üzrə universiteti bitirən bir gəncimiz MİQ imtahanına girmək üçün müəllim hazırlığı və yaxud hazırlıq kursu axtarırsa, pedaqoji ixtisasları tədris edən ali təhsil müəssisələri bundan nəticə çıxarmalıdır. Bəzi ixtisaslar üzrə keçirilən bəzi fənlər tədrisdən çıxarılmalıdır”.

R.Nurəliyevin sözlərinə görə, ali təhsil müəssisələri üzrə kadr hazırlığı istiqamətində yoxlama mexanizmi formalaşdırılmalıdır: 
“Hər hansı bir universitet həmin ixtisası layiqincə tədrisetmə qabiliyyətinə malik olmadıqda, həmin ixtisas ona verilməməlidir. Bu zaman illərlə rahatlamış ali təhsil müəssisələri özlərinə nəticə çıxarar. Hüquq fakültəsini bitirən bir tələbə iddia ərizəsi yaza bilmirsə, bu, həqiqətən də, ciddi problemdir. Bəzi universitetlərdə 400-500 ballıq ixtisaslar 200-250 baldır. Bu, həqiqətən də, acınacaqlı vəziyyətdir hesab edirəm. Keçid balı aşağı olan təhsil müəssisələri bu məsələ üzərində ciddi düşünməlidir. Burada iki məsələ var. Ya həmin universitetlərdə həmin ixtisaslar kifayət qədər qənaətbəxş tədris olunmur, ya da həmin ixtisasa uyğun keyfiyyətli kadr hazırlığı yoxdur”.