Deputatın dedikləri yenilik deyil
“Universitetlər dünyada öz rolunu dəyişib. Əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da, iqtisadi inkişafı stimullaşdırırlar”.
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib. O deyib ki, universitetlərdə yaradılan texnoparklar bu dəyişikliyin nümunəsidir.
Deputatın sözlərinə görə, şirkətlər universitetlərlə əməkdaşlıq edir, vergi güzəştlərindən faydalanır, müasir laboratoriyalardan və təhsil resurslarından istifadə edirlər. Nəticədə biznes və ali məktəblər birləşərək innovasiya və texnoloji inkişafı irəli aparır. Onun fikrincə, bu yanaşma dəyişilməlidir:
"Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir". Qeyd edək ki, universitetlərdə tədqiqat fondlarının yaradılması təşəbbüsünü deputat Fariz İsmayılzadə Milli Məclisin martın 14-də keçirilmiş plenar iclasında da səsləndirib.
Təhsil eksperti, keçmiş millət vəkili Etibar Əliyev deyib ki, əslində, deputatın dedikləri yenilik deyil. Onun sözlərinə görə, dünyada universitetlər rolunu indi dəyişməyib, nüfuzlu universitetlər yaranandan tədqiqatları təhsildən önə çəkiblər:
"1901-ci ildən başlayaraq elm sahələrində mühüm kəşflərə Nobel mükafatı, 1936-cı ildən başlayaraq isə riyaziyyat sahəsində mühüm isbatlara görə, "Filds" medalı verilir. İstər Nobel mükafatına, istərsə də "Filds" medalına layiq görülənlər universitet alimləridir. Yəni ənənə var və ənənəni qoruyub saxlayırlar. Bizim universitetlərdəki laboratoriyalar ötən əsrin 60-cı illərindən qalmadır. Elmə ayrılan vəsait isə 0,2 faizdir. Vaxt itirmədən Qarabağ Universitetinin nəzdində Silikon vadisi yaradılmalıdır. 2010-cu ildə yaradılan Elmin İnkişafı Fondunun ayırdığı qrantlar elmin inkişafına töhfə vermədi. Elmə filantropların dəstəyi yox səviyyəsindədir. Dünyanın aparıcı universitetlərində çalışan tanınmış alimlərimizin Azərbaycan elminin inkişafına dəstəyi hiss olunmur. Universitet kitabxanalarının fondu yenilənmir. Alimlərin böyük kəsimi elmi yeniliklərlə maraqlanmır. Buna tələb də yoxdur".
E.Əliyev vurğulayıb ki, dəfələrlə elm adamları, tanınmış intellektuallarla magistr və doktorantların görüşünün təşkil olunmasını təklif edib:
"Universitet rəhbərləri üçün belə məsələlər maraqlı deyil. Doktorantlara və magistrlərə "Elmin fəlsəfəsi" fənninin tədrisini təklif etmişəm: fənnin proqramını da yazmışam. Lakin əhəmiyyəti yoxdur. Peşəkar kompetensiyaların inkişafı fənlərarası biliklərin əsasını öyrənmədən mümkün deyil. Elmi kəşflər və innovasiyalar göydən düşmür. Bunların kökü olmalıdır. Köksüz ağac bar verməz. Köhnə və narsist təfəkkürlə nəyəsə nail olmaq mümkün olmayacaq".