600 bal toplamaq uğurlu gələcəyin zəmanəti deyil - Təhsil eksperti

  • Qoşqar Məhərrəmov: "Ən təhlükəli seçim "təki qəbul olum" düşüncəsidir"
  • "İxtisası müəllim yox, qohum yox, abituriyentin özü seçməlidir"

Ali təhsil müəssisələrinə avqustun 12-dən ixtisas seçimi başlayır.

 Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi 12–19 avqust tarixlərində aparılacaq.

 Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi qeyd olunan tarixlərdə həyata keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul prosesinin ən məsuliyyətli mərhələlərindən biri ixtisas seçimidir. Çünki bu mərhələ yalnız universitetə qəbul olunmaq deyil, həm də gələcək peşə və karyera yolunun müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Elə buna görə də hər il minlərlə abituriyent və valideyn seçim qarşısında qalır, düzgün qərar verməkdə çətinlik çəkir. Bəziləri bu prosesi müstəqil idarə etməyə üstünlük versə də, digərləri ixtisas seçimi üzrə mütəxəssislərin pullu xidmətlərindən yararlanır. Bəs abituriyentlər ixtisas seçimini özləri necə edə bilərlər? Seçim zamanı hansı meyarları əsas götürməlidir?

Bu mövzuda Sherg.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, ixtisas seçimi insanın gələcək karyerasını və həyat yolunu müəyyənləşdirən ən vacib qərarlardan biridir. Onun sözlərinə görə, uğurlu seçim yalnız qəbul imtahanında toplanan bala deyil, abituriyentin özünü nə dərəcədə tanımasına əsaslanmalıdır:

“İxtisas seçimində uğurlu olmaq üçün şagird əvvəlcə özünü tanımalı, arzularını, qabiliyyətlərini bilməlidir. Bu seçim 11-ci sinfin sonunda verilən ani qərar olmamalıdır. Bu, illərlə davam edən planlı hazırlığın nəticəsi olmalıdır. Şagird əvvəlcə öz maraqlarını, qabiliyyətlərini və gələcək hədəflərini müəyyənləşdirməlidir. Yalnız bundan sonra peşə və ixtisas seçimi daha sağlam əsaslara söykənə bilər.

Lakin qəbul mərhələsinə gəlib çatmış abituriyent üçün reallıq bir qədər fərqlidir. O, artıq müəyyən ixtisas qrupu üzrə hazırlaşıb, topladığı balla hansı universitetə qəbul ola biləcəyini düşünür. Bu mərhələdə əsas məqsəd çox vaxt arzulanan peşəni seçmək deyil, hər hansı ali məktəbə, xüsusilə də dövlət sifarişli yerə qəbul olmaqdır. Çünki ailəyə maddi yük yaratmamaq, ödənişsiz təhsil almaq kimi amillər seçimə ciddi təsir göstərir. Yüksək – məsələn, 600 və daha çox bal toplayan abituriyentlərin seçim imkanları daha geniş olur. Onlar maraq və gələcək karyera baxımından daha prinsipial seçim edə bilirlər. Nisbətən aşağı bal toplayanlar isə əksər hallarda “təki bir yerə qəbul olum” düşüncəsi ilə hərəkət edir, el qınağından çəkinir. Bu zaman cəmiyyətin gözləntiləri, ailə təzyiqi və sosial amillər də onların qərarına təsir göstərir. Hazırda bu vəziyyətlə üzləşən abituriyentlərin sayı kifayət qədər çoxdur."

Q. Məhərrəmov qeyd edib ki, abituriyent istədiyi ixtisasa qəbul ola bilmədikdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Belə vəziyyətdə övlada təzyiq göstərmək əvəzinə ona dəstək olmaq və qərarı birlikdə vermək daha doğru yanaşmadır: “Valideyn övladına təzyiq etməməli, onu anlayışla qarşılamalı və yanında olmalıdır. Əgər abituriyent arzuladığı ixtisasa qəbul ola bilməyibsə, ailə birlikdə qərar verməlidir: ya növbəti il yenidən hazırlaşsın, ya da qəbul olduğu ixtisası daha yaxından tanıyıb onu mənimsəməyə çalışsın. Bunun üçün seçilən ixtisas ətraflı araşdırılmalıdır. Tədris proqramı ilə tanış olmaq, həmin ixtisas üzrə təhsil alan tələbələr, məzunlar və müəllimlərlə görüşmək, gələcək karyera imkanlarını öyrənmək vacibdir. Məlumatlı qərar vermək sonradan peşə seçimi ilə bağlı peşmançılıq riskini azaldır. Abituriyentin qərarına ətraf mühitin, qohumların və ya cəmiyyətin təzyiqi təsir etməməlidir. O, ilk növbədə öz maraqlarını, qabiliyyətini və bacarıqlarını əsas götürməlidir. Sağlam seçim məhz bu meyarlar üzərində qurulmalıdır. Son illər Azərbaycanda ixtisas seçimi üzrə məsləhət xidmətlərinə maraq artsa da, mən bunun bazara çevrilməsinin tərəfdarı deyiləm. Peşəkarlara müraciət edib- etməmək abitruyentlərin öz işidir. Əgər araşdıra bilirsə, öyrənə bilirsə, Google-u bilirsə, süni intellektləri bilirsə, özü də araşdırıb ixtisas seçimi edə bilər. Əlbəttə, müəllimlərin və valideynlərin məsləhətini dinləmək faydalıdır. Ancaq son qərarı başqaları deyil, məhz abituriyentin özü verməlidir."