- Təhsil haqqı, özünü dolandırmaq və rüşvətxorluq milləti zillətə gətirib
- Bu gedişlə ali təhsili yalnız maddi imkanı saz olanların övladları ala biləcək
İnkişaf etmək və ölkənin parlaq simasına çevrilmək hər bir Azərbaycan gəncinin arzusudur. Bunu həyata keçirmək üçün uzanan yollar Ali təhsilə söykənir. Lakin sosial və maddi imkanlar nəzərə alınmadan bütün tələbələr üçün eyni məbləğdə təhsil haqqının müəyyənləşdirilməsi bir çox gənci ali təhsil imkanından məhrum edir.
Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi və davamiyyət problemi yaşadığı üçün təhsildən uzaq düşüb.
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Sherg.az-a bildirib ki, 30 il əvvəl peşə yönümlü məktəblərin sayı ali məktəblərin sayından daha çox idi:
“Bu günki sistem isə tam əksinə qurulub. Ali məktəb artıq təhsil yox biznes ocağıdır. Əvvəllər məktəbi bitirən gənclərin bir hissəsi peşə öyrənərək, əmək həyatına başlayırdı. Bu gün isə valideynlər borc-xərclə övladlarını ali məktəbə yönəldirlər. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, diplom və vəzifə sahibi olmaq peşə sahibi olmaqdan daha çox qazanc və imkan verir. Halbuki əmək bazarı diplomlu kadrlara deyil, peşəsinin incəliklərinə bələd olanlara ehtiyac duyur”.
Sosioloqun sözlərinə görə, 30 il müharibə şəraitində yaşamağımız insanların düşüncəsinə təsir göstərib:
“Bəzi valideynlər övladını siravi əsgər kimi səngərdə çürütməkdənsə, heç olmasa ali təhsil verib, zabit kimi yetişməsi üçün çalışırlar. Çoxusu oğlunu hərbi xidmətdən yayındırmaq naminə oxumağa məcbur edir. Bunların hamısı tələblərin kasıblaşmasına gətirib çıxarıb. Əvvəllər tələbələr dərsdən əlavə asanlıqla iş tapa bilirdilər. İndi iş tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Gənclərin hamısı maddi və mənəvi baxımdan ali məktəb təhsilinə hazır deyil. Təhsil haqqı, özünü dolandırmaq və rüşvətxorluq milləti zillətə gətirib. Təhsil biznesi ilə məşğul olanlar da bunun çox gözəl fərqindədir. Fikir verirsinizsə, universitetlərdə dövlət sifarişli yerlər azaldılır. Bu da təhsilin biznesə çevrilmə prosesinin tərkib hissədir”.
Ə.Rəhmanov qeyd edib ki, bu gedişlə ali təhsili yalnız maddi imkanı saz olanların övladları ala biləcək:
“Son bir ildə 200 tələbənin dünyasını dəyişməsi demoqrafik faciədir. Mən hələ təhsil sahəsindən gedən, dünyasını dəyişən müəllimləri demirəm. İnsanlar maddi çətinlik, işsizlik ucbatından stres içində yaşayır. Hazırda ölənlərin çoxu gənclərdir. Ailəsinin maddi yükü altında əzilən gənclərin orqanizmi buna tab gətirə bilmir. Sadaladığım faktların hər biri, təhsil sisteminin tam yararsız vəziyyətdə olduğunu göstərir”.