Allahverdi Məmmədli - 70: Hörmət, şəxsiyyət, mədəniyyət DƏRSİDİR

Allahverdi müəllim ilk dəfə adımı dərs jurnalının siyahısından oxuyanda auditoriyaya belə bir sual verdi: "Azərbaycanda tarixən xanımları necə müraciət edildiyini bilirsiniz?" Auditoriya susdu...Müəllim təmkinli səslə sözünə davam etdi: "15 yaşına qədər olan qızlara Banu, 15-35 yaşlı qız və qadınlara Bəyim, 35-55 yaşlılara Xanım, 55-75 yaşlılara Xatun, yaşı 75-dən yuxarı olanlara isə Xanım-xatun deyilərdi". Sonra üzünü mənə tutaraq: “Qızım, Banuçiçək, çox gözəl adın var",- dedi...

Bəzən insanın yaddaşında illərlə qalan xatirələr böyük hadisələr olmur. Bir cümlə, bir baxış, bir münasibət kifayət edir. Mənim üçün Allahverdi müəllimlə bağlı ilk təəssürat da məhz belə başladı- diqqət, nəzakət və hörmətlə.

Həyatda elə insanlar var ki, fəaliyyətləri peşələrinin çərçivələrinə sığmır. Onlar yalnız dərs demir, həm də düşüncə formalaşdırır, istiqamət göstərir, insanın həyatına toxunurlar. Allahverdi Məmmədli də məhz belə nadir şəxsiyyətlərdəndir. 

Bir zamanlar ondan eşitdiyim fikir bu gün də mənim üçün dəyişməz həyat düsturudur: “İnsanda əsas olan xarakterdir". Bu sadə, lakin dərin məna daşıyan cümlə sanki böyük ədiblərin əsrlər boyu söylədiyi həqiqətlərlə səsləşir. Vilyam Şekspir deyirdi: “Taleyimiz ulduzlarda deyil, özümüzdədir”.

Bəli, əslində taleyimiz kimi xarakterimizi yönləndirmək də, onu dəyişdirmək də öz əlimizdədir. Axı o, insanın özünü formalaşdıran ən güclü amildir. Eyni düşüncəni Lev Tolstoy daha da dərinləşdirərək belə ifadə edirdi: “Hamı dünyanı dəyişmək istəyir, amma heç kim özünü dəyişmək istəmir". Allahverdi müəllimin dediyi kimi, məqsəd və xarakter olmadan əldə olunan bilik insanı irəli aparmır, yalnız daxili möhkəmlik insanı ucaldır. Həm də ki, məqsədsiz, zəhmətsiz asanlıqla əldə olunan işin də ləzzəti olmur axı...

Ötən ilin ikinci semestrində “KİV-in hüquqi tənzimlənməsi” fənni tədris olundu. Tələbələrin çoxuna fənn çətin görünürdü. Lakin professorun izah tərzi fənnin çətinliyini marağa çevirdi. O, fənni düşündürərək mənimsətdi. Kollekviumlarda ayrı-ayrı mövzular deyil, ümumi yanaşma tələb etməsi bəzi tələbələr üçün çətin olsa da, əslində bu, böyük pedaqoji ustalıq idi. Həmin metod məni hər dəfə mövzulara yenidən qayıtmağa, onları daha dərindən dərk etməyə kömək edirdi. Bu, biliyi bölmək yox, birləşdirmək idi. Bəlkə də imtahanda hamıdan yüksək bal toplamağımın da səbəbi elə bu istiqamət oldu. Digər tərəfdən də axı təhsil faktları öyrənmək yox, düşünməyi öyrənməkdir. Elə müəllimimiz də bizə bunu öyrədirdi: əzbərləməyi deyil, sözün əsil mənasında dərsdən dərs çıxarmağı, peşəmizin hüquqlarını bilməyi...

Yeri gəlmişkən, fakültədə adıçəkilən fənn üzrə metodik vəsaiti ilk dəfə hazırlayan da professor Allahverdi Məmmədli olub. Bu fakt onun elmi-pedaqoji fəaliyyətində də necə böyük zəhmət sahibi olduğunu göstərir...

Professor müəllimliyi ilə də, davranışı ilə də bir məktəbdir. Onun danışıq üslubu, səliqəli geyimi, dərsdəki dəqiqliyi, tələbələrlə ünsiyyətdəki təmkini və peşəkarlığı müəllim nüfuzunun canlı nümunəsidir.

"Müəllim gələcəyin memarıdır"- bu fikir Allahverdi müəllimin timsalında real təcəssümünü tapır...Dərs zamanı söylədiyi fikirlər qədər, dərsdən sonra verdiyi məsləhətlər də insanın düşüncəsində uzun müddət yaşayır.

Bu məsləhətlər insanın həyatına istiqamət verir, ona daha geniş baxış bucağı qazandırırdı. Həqiqətən də insanı insan edən onun mənəvi böyüklüyüdür. Bu böyüklük Allahverdi müəllimin şəxsiyyətində aydın hiss olunur.

26 iyun 1956-cı il...Təqvimin adi bir günü kimi görünən bu tarix əslində yüzlərlə tələbənin həyatına toxunacaq insanın şərəfli yolunun başlanğıcıdır. Bu il həmin mənalı ömrün 70 illik yubileyi tamam olur. Professorun yetişdirdiyi tələbələr müxtəlif sahələrdə fəaliyyət göstərsələr də, hamısının daxilində onun öyrətdiyi eyni dəyərlər yaşayır: xarakter, məsuliyyət və prinsipiallıq...

Müəllim deyirdi ki, sevgi hörmətdən başlayır. 

Bu fikir onun həyatının da qısa xülasəsidir. Hörmət qazanılan dəyər, sevgi isə itirməyi gözə almayacağımız qazancdır. Amma hörmət olmayan yerdə heç bir sevgidən söhbət gedə bilməz. Elə bu anda Hötenin bir fikri yadıma düşür. O deyirdi ki, “Hörmət qazanmaq istəyirsənsə, əvvəlcə özün hörmətə layiq ol".

Allahverdi müəllim illərlə bu hörməti öz şəxsiyyəti, davranışı və əməyi ilə qazanıb. Bu hörmət onun tələbələrinin sevgisinə çevrilib...

Hər zaman inandığım bir cümlə var: adların yolu talelərlə mütləq kəsişir. Məncə onun öz ismi də, peşəsinin adı da həyat yolu ilə kəsişib. Adı Allahverdi olan bir insan kimi, o da sanki həyatda öz yerini, dəyərini zəhməti və xarakteri ilə doğruldub, doğrultmaqda da davam edir. Onun kimi insanlar cəmiyyətin görünməyən sütunlarıdır. 

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Bu yüksək ada layiq olmaq hər kəsə nəsib olmur. Allahverdi Məmmədli müəllimliyi həyat missiyası kimi yaşayan insanlardandır.

Hörmətli müəllimimi 70 yaşı münasibəti ilə təbrik edirəm.

Var olun, müəllim. Sizin işığınız uzun illər yolumuzu aydınlatmağa davam edəcək...