- Bu, daha real olardı, müəllimləri digər əməkçilərdən fərqləndirərdi
Müəllim günündə müəllimlərin vergidən azad edilməsi məsələsi gündəmə gəlib. Müəllimlərin əmək haqqından bir çox vergi tutulur. Gəlir vergisi, icbari tibbi sığorta, sosial sığorta, həmkarlar ittifaqına ödəniş və sair. Mütəxəssislər hesab edir ki, müəllimlərin maaşından vergi tutulmamalıdır, çünki əmək haqqı zatən aşağı səviyyədədir.
Çoxsaylı vergi tutulmaları onsuz da aşağı olan əmək haqqının lap azalmasına səbəb olur. Müəllim nüfuzunun yüksəlməsi üçün əmək haqqından vergi tutulmalarının əvəzinə əmək haqqı artırılmalıdır.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Sherg.az-a açıqlamasında bildirdi ki, sistem başqa cür də qurula bilər: 
- Müəllimləri vergidən azad etməkdənsə, sosial güzəştlər paketi hazırlamaq daha məqsədəuyğun olar, məncə. Vergi ödəyicisi təkcə müəllimlər deyil, səhiyyə işçiləri, ədliyyə işçiləri və sair işçi kateqoriyaları var ki, hamısı vergi ödəyicisidir. Müəllimlər vergidən azad edilsə, kütləvi sahələrdə çalışan digər işçilər də bunu tələb edə bilər. Ən yaxşısı budur ki, müəllimlərə sosial güzəştlər şamil edilsin. Məsələn, kommunal ödənişlər, nəqliyyat ödənişləri, mənzil alarkən güzəştli şərtlər və sair. Bu, daha real olardı, müəllimləri digər əməkçilərdən fərqləndirərdi.