Azərbaycanda elektron diplom dövrü başlayır - Risklər və üstünlüklər

  • Təhsil eksperti risklər və üstünlüklərdən danışdı
  • "Elektron diplom saxtakarlığın qarşısını alacaq, beynəlxalq tanınmanı asanlaşdıracaq"

Azərbaycanda ali təhsil müəssisələrində məzunlara verilən diplomların elektornlaşdırılması tələbələr arasında narahatlığa səbəb olub. Müasir dövrdə digər ölkələrin inkişaf trayektoriyası ilə uzlaşmaq üçün rəqəmsallaşmaya keçid sürətlənsə də, bu proses kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və texniki dayanıqlılıq baxımından müəyyən riskləri də özü ilə gətirir.

Bu səbəbdən bəzi tələbələr elektron diplom sisteminə tam etibar etmir. Əsas narahatlıq isə bazadakı akademik məlumatların kiberhücum və ya texniki nasazlıq səbəbindən silinməsi, yaxud tamamilə əlçatmaz olması ehtimalı ilə bağlıdır. İşin psixoloji tərəfi də var. Təxminən 35 ildir ki, məzunlar universiteti bitirdikdən sonra zəhmət və uğurlarının rəmzi olan diplomu əllərində tutaraq şəkil çəkdirir, xoş anları ailələri ilə bölüşür və illərlə çəkilən əziyyətin bəhrəsini məhz həmin sənəddə görürlər. Buna görə də kağız diplom bir çoxları üçün xatirə və qürur simvoludur.

Bəs gənclər arasında yaranan bu təşviş nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, elektron diplom sisteminə keçid, əslində, dünyada illərdir tətbiq olunan rəqəmsallaşma prosesinin tərkib hissəsidir:

“Elektron diplom Azərbaycan üçün də bu istiqamətdə atılan məntiqli addımlardan biri hesab oluna bilər. Burada əsas məqsəd, diplomların saxtalaşdırılması riskini minimuma endirmək, sənədlərin yoxlanılmasını sürətləndirmək, dövlət qurumları, işəgötürənlər və məzunlar üçün daha çevik xidmət yaratmaqdır. Artıq, diplomun orjinallığını təsdiqləmək üçün müxtəlif qurumlara müraciət etməyə ehtiyyac qalmayacaq. Elektron sistem vasitəsilə, bu məlumatları qısa müddətdə yoxlamaq asanlaşacaq. Tələbələrin narahatlığı da başadüşüləndir. İnsanlar uzun illərdir ali təhsili bitirərkən, əllərində möhürlü və imzalı kağız diplom görməyə öyrəşib. Bu amil psixoloji olaraq məzunlarda, əməyinin fiziki nəticəsini hissetmə duyğusu formalaşdırır. Ona görə də elektron diploma keçidin ilk vaxtlarda narahatlıq doğurması təbii haldır”. 

Ekspertin sözlərinə görə, rəqəmsal həyata keçid fonunda zamanla bu yanaşma cəmiyyət tərəfindən qəbul ediləcək:

“Elektron diplom sistemi vahid dövlət informasiya bazası üzərindən fəaliyyət göstərəcək və myGov platformasından da əlçatan olacaq. Məzunun diplom məlumatları, elektron reyestrdə saxlanılacaq və ehtiyac olduqda elektron formada təqdim ediləcək. Burada əsas məsələ məlumatların təhlükəsizliyidir. Müasir informasiya sistemlərində, məlumatlar bir neçə ehtiyat serverdə saxlanılır və kibertəhlükəsizlik tədbirləri çərçivəsində, mütəmadi ehtiyat nüsxələri yaradılır. Buna görə də "məlumatlar birdən silinər" və ya "tamamilə itib gedər" kimi fikirlər real praktikada o qədər də əsaslı görünmür. Əlbəttə, istənilən elektron sistemdə texniki risklər mövcuddur. Lakin düzgün idarəetmə və güclü təhlükəsizlik infrastrukturu ilə bu risklər minimum səviyyəyə endiriləcək”.  

Ə.Həsənli onu da qeyd edib ki, Azərbaycanın təhsil sistemində bu dəyişikliyə ehtiyac var idi:

“Çünki dövlət xidmətlərinin elektronlaşması artıq qaçılmaz prosesdir. Bu gün şəxsiyyət vəsiqəsindən tutmuş müxtəlif dövlət xidmətlərinə qədər bir çox alanda rəqəmsal həllərin tətbiq edildiyinin şahidi oluruq. Təhsil də bu prosesdən kənarda qala bilməzdi. Elektron diplom həm vaxt itkisini azaldacaq, həm sənəd dövriyyəsini sadələşdirəcək, həm də beynəlxalq əməkdaşlıqlarda diplomların operativ şəkildə təqdim edilməsinə imkan yaradacaq”.