“Həm şagird həm də müəllim məktəbin müəyyən etdiyi geyim tələblərinə riayət etməlidir. Müəllim, yetkin fərd olaraq, geyim tərzi, nitq mədəniyyəti və davranışları ilə şagirdlər üçün örnək modelidir"
Əzəl gündən müəllimimizi ikinci anamız bilmiş, onun nəsihətlərini və bizə verdiyi dəyəri fəaliyyətimizin əsasına çevirmişik. Alimlərin analizlərinə görə 6-10 yaş arası uşaqların beyni ən məhsuldar dövrünü yaşayır. Onlar bu dönəmdə məktəb mühitində gördüklərini, müəllimin geyim və danışıq tərzini mənimsəməyə meyilli olurlar. Ana yerinə qoyulan müəllimlərin qeyri-etik geyimlərlə məktəbə gəlməsi, şagirdlərin etika və davranış qaydalarını təməldən yanlış qavramalarına gətirib çıxarır. Bunu nəzərə alan bəzi ölkələrdə müəllimlər rəsmi forma geyinirlər.

9 ay bundan öncə Samux rayonun Qarayeri qəsəbəsində yerləşən kəndin müəllimləri xarici ölkələrdən nümunə götürərək, vahid formaya keçiblər. Ötən gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müəllimlərin vahid formaya keçməsinə dair məsələ qanuna edilən dəyişiklikdə hüquqi status qazanıb. Qeyd edilib ki, təhsilverənlər üçün xüsusi geyim qaydalarının müəyyən edilməsi məktəblərdə nizam-intizam mədəniyyətini gücləndirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı soisoloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, bəzi gənc müəllimlər biliyi əsasında yox, görünüşü vasitəsilə diqqət çəkmək istəyirlər:
“Həm şagird həm də müəllim məktəbin müəyyən etdiyi geyim tələblərinə riayət etməlidir. Müəllim, yetkin fərd olaraq, geyim tərzi, nitq mədəniyyəti və davranışları ilə şagirdlər üçün örnək modelidir. Qeyri-etik formada geyinən müəllimlər şagirdlər tərəfindən ciddi qəbul olunmayacaq. Gələcəyin mütəxəssisləri müəllimi özlərinə ideal seçərək, ondan nümunə götürürlər. Gənclər texnologiyaya nə qədər bağlı olsalar da, müəllimin davranışı onlar üçün hər zaman əsas istiqamətverici mayak rolunu oynayıb. Müəllmin əsas vəzifəsi bilmək, öyrətmək və bunu pedaqoji çərçivədə şagirdlərə aşılamaqdan ibarətdir”.
Sosioloqun sözlərinə görə, yeniyetmələrdə mənəvi-əxlaqi dəyərlərin və tərbiyə meyarlarının formalaşmasında məktəbin təsiri böyükdür:
“Bəzən məktəb illərində xarakterə yapışan təsirlər insanın ömrünün sonuna qədər onu izləyir. Məktəb yoldaşlarmıza və müəllimlərin xarakterinə verdiyimiz qiymət illər keçsə də bizim üçün dəyişmir. Müəllimlərin vahid geyimə keçməsi vacib deyil. Məktəb mühitinə uyğun, səliqəli və qapalı tərzdə geyinmələri kifayətdir. Əksər müəllimlər bunu başa düşüb, ona uyğun hərəkət edirlər. Müəllim öz geyim tərzini seçərkən, şagirdlərin yaş, gender xüsusiyyətlərini və onların inkişaf dövrlərinin psixoloji tələblərini nəzərə almalıdır”.
N.Niftəliyevin fikrincə, müəllimlərə forma tətbiq etməkdənsə, onların şagirdlərlə düzgün əlaqə və ünsiyyət forması etik standartlar çərçivəsində tənzimlənməlidir:
“Şagirdlər müəllimlə onun şəxsi davranışlarına əsasən münasibət qurur. Normal rəftara sahib olmayan şəxsin ciddi pedaqoq olması da bu münasibəti xilas edə bilməz. Mövcud vəziyyətdə, daxili keyfiyyətləri kənara qoyub, vahid geyimə keçmək təhsildə heç nəyi həll etməyəcək. Əgər cəmiyyət etik normalara əməl etməyənləri qınaq obyektinə çevirirsə, müəllim öz duruşu ilə ya bunu əsaslandırmalı, ya da sosial tələbə cavab verməlidir. Cəmiyyətin maraqlarından kənar işlərlə məşğul olanlar heç vaxt uğur qazana bilməzlər”.