"Bəzi məktəblərdə "direktorun yaxın ətrafı" klubu fəaliyyət göstərir" - Əmrah Həsənli

"Bəzi məktəblərdə elə bir mühit yaranıb ki, elə bil elm ocağı yox, "direktorun yaxın ətrafı" klubu fəaliyyət göstərir! Ay hörmətli direktorlar, ay rəhbərlər, siz məktəbdə təhsilin səviyyəsini yox, özünüzə sadiq olanların sayını artırmaqla məşğulsuz?"

Sherg.az xəbər verir ki, bu sözləri  Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib. Onun sözlərinə görə, direktorun hər sözünə "hə" deyən, onun hər tapşırığını sorğusuz yerinə yetirən "sevimlilər" üçün hər cür şərait yaradılır, ən yaxşı siniflər, ən rahat dərs saatları onlara verilir:

"Öz işini bilən, savadlı, prinsipial, amma yeri gələndə haqqını tələb edən, dik duran müəllim isə dərhal "qara siyahı"ya salınır! Ona ən çətin siniflər verilir, hər addımında bir qüsur axtarılır, dərsləri ilə "cəzalandırılır". Bu, idarəçilik deyil, bu, birbaşa müəllim əməyinə və ləyaqətinə qarşı sui-qəsddir!

Müəllim direktora deyil, dövlətə və xalqa xidmət edir. Sizin vəzifəniz sizə yaxın olanı yox, işini biləni qorumaqdır! Əgər bir məktəbdə müəllimin nüfuzu direktorun "simpatiyası" ilə ölçülürsə, orada təhsildən danışmağa dəyməz. Siz öz eqonuz üçün tərəfdar yığmaqla məktəbi iki cəbhəyə bölürsünüz və nəticədə zərəri o günahsız şagirdlər çəkir".

Ekspert xüsusi olaraq vurğulayır ki, artıq bu qruplaşmalara, bu ayrı-seçkiliklərə son qoyulmalıdır:

"Məktəb hər kəs üçün ədalətli mühit olmalıdır. Çünki əzilmiş müəllim heç vaxt azad nəsil yetişdirə bilməz!".