Təqaüd proqramları tələbələri bir addım öndə edir
“Azercell Telekom” MMC gənc istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edib. Bildirilir ki, təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb. Bu çərçivədə Azercell-in bu ilki Tələbə Təqaüdü Proqramı STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Azercell-in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilər. Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə təhsil və tələbə təqaüdü proqramları tələbələr üçün həm maddi, həm də peşəkar baxımdan çox əhəmiyyətlidir: 
- Təqaüd yalnız tələbənin təhsil xərclərinə dəstək olmaqla kifayətlənmir, eyni zamanda onun maraqlandığı sahədə praktiki bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Bu cür proqramlar tələbələrin akademik göstəricilərini gücləndirməklə yanaşı, onların gələcək karyera imkanlarını da formalaşdırır, çünki iştirakçılar real iş mühitini tanımaq, təcrübə qazanmaq və sahə üzrə biliklərini praktik tətbiq etmək şansı əldə edirlər.
Seçim prosesi adətən çox mərhələli və ədalətli şəkildə təşkil olunur. İlk olaraq müraciətlərin və akademik göstəricilərin qiymətləndirilməsi aparılır, sonra bilik və bacarıqların yoxlanıldığı test və ya digər qiymətləndirmə mərhələləri həyata keçirilir. Son mərhələdə müsahibələr vasitəsilə tələbənin motivasiyası, sahəyə marağı və potensialı qiymətləndirilir. Bu yanaşma proqramın həm ədalətli, həm də effektiv olmasını təmin edir.
Ümumilikdə, bu cür təşəbbüslər tələbələr üçün yalnız maddi dəstək deyil, həm də sahədə real təcrübə qazanmaq, karyera yollarını tanımaq və inkişaf etdirmək üçün vacib platformadır. Eyni zamanda, ölkədə yeni nəsil ixtisaslı kadrların formalaşmasına töhfə verir və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından strateji əhəmiyyət daşıyır.