Bütün məktəblər üçün vahid mexanizm yaradılır - Ekspert

  1. Əmrah Həsənli: “Məqsəd şagirdləri telefondan uzaqlaşdırmaq deyil, texnologiyadan düzgün istifadəyə öyrətməkdir”

Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. 

Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına əsasən dərs və məşğələ müddətində təhsilalanların mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan istifadəsi qadağan edilir. Yeni qaydalara görə, şagirdlərin məktəbə gətirdiyi mobil və elektron cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi xüsusi saxlama yerlərində – mobil qutular, şkaflar və digər yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır. Şagirdlər dərs zamanı müəllimin icazəsi və nəzarəti altında elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün mobil və elektron cihazlardan köməkçi vasitə kimi istifadə edə bilərlər. Qaydalara əsasən, məktəb ərazisində mobil cihazlardan yalnız zəruri hallarda, o cümlədən təbii fəlakət, digər fövqəladə hallar və ya sağlamlıq vəziyyəti ilə bağlı informasiya mübadiləsi məqsədilə istifadə olunmasına icazə verilir. Qərarda qeyd olunur ki, qaydaların icrasına nəzarət məktəblərin daxili intizam qaydaları ilə tənzimlənəcək. Pozuntu aşkar edildiyi halda məktəb rəhbərliyi bir iş günü ərzində valideynləri məlumatlandırmalı və profilaktik tədbirlər həyata keçirməlidir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə rəqəmsal bacarıqların formalaşdırılması da təhsilin mühüm tələblərindəndir. Ona görə də məsələyə yalnız qadağa prizmasından yanaşmaq doğru olmaz: 

- Qərarda “müəllimin nəzarəti altında tədris məqsədilə elektron cihazlardan, mobil telefn, planşetlərdən istifadə edilə bilər”, şərtinə məhz dövrün reallığı nəzərə alınaraq yer verilib. Və məsələyə yalnız qadağa prizmasından yanaşılmayıb. Belə bir qərarın verilməsində məqsəd məktəblərdə şagirdləri mobil telefonlardan tam uzaqlaşdırmaq deyil, onlara texnologyadan düzgün və məsuliyyətli şəkildə istifadə vərdişini aşılamaqdır. Əgər bu qaydalar düzgün tətbiq olunarsa, dərs keyfiyyətinin artırılmasına və mıktəb mühitinin daha sağlam təşkil edilməsinə töhfə verəcək. 

Ə.Həsənli bildirdi ki, söhbət yeni bir qadağanın tətbiqindən deyil, mövcud yanaşmanın hüquqi çərçivəsinin daha dəqiq müəyyənləşməsindən gedir: 

- İndiyədək məktəblərdə dərs zamanı mobil telefonlardan istifadəyə dair daxili qaydalarla məhdudiyyətlər qoyulurdu, qaydalar bütün məktəblər üçün vahid formada tənzimlənmirdi. Yeni qərarın əsas üstünlüyü ondan ibarətdir ki, bütün orta ümumtəhsil məktəbləri üçün vahid mexanizm müəyyənləşdirilir. Bu isə məktəblərdə intizamın güclənməsinə, dərs zamanı şagirdlərin diqqətinin yayınmasının qarşısının alınmasına, şagirdlərin sosial münasibətlərinin daha sağlam şəkildə formalaşmasına -müsbət təsir göstərə bilər.