“Çin haqqında” kitaba jurnalistin verdiyi qiymət obyektiv reallığı əks etdirməyə bilər - Şahbaz Xuduoğlu

  • "Əgər kitab beynəlxalq siyasət və diplomatiya sahəsinin peşəkarı tərəfindən qiymətləndirilsəydi, bu rəy daha əsaslandırılmış və peşəkar tənqid kimi qəbul olunardı"

Tanınmış jurnalist Vəfa Allahverdiyeva “Facebook” hesabında "Qanun" nəşriyyatını tənqid edib. O, ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin “Çin haqqında” kitabının zəif tərcümə edildiyini, hətta 30 manata dəymədiyini vurğulayıb.

Nəşriyyatın əvvəlki uğurlu işləri ilə bu kitabın səviyyəsinin kəskin təzad təşkil etdiyini bildirən jurnalist, tənqidini kəsərli arqumentlərlə ifadə edib. V. Allahverdiyeva kitabın sanki “Google Translate” imkanları ilə tərcümə edildiyini irad tutub. Onun sözlərinə görə, hər uğurlu nəşrin arxasında güclü ədəbi redaktor dayanır, bu kitabda isə deyəsən heç ədəbi redaktor da olmayıb. Qeyd edək ki, "Hər gün yeni bir kitab" devizi ilə fəaliyyət göstərən "Qanun Nəşriyyatı"nın əsası 1992-ci il 18 yanvarda qoyulub. Nəşriyyatın təsisçisi və naşiri Şahbaz Xuduoğludur.

Mövzu ilə bağlı tərcüməçi-yazar Şahbaz Xuduoğlu Sherg.az-a əvvəla bildirib ki, kitabların oxunmasını və fərqli fikirlərin səslənməsini alqışlayır:

"Lakin Henri Kissincerin “Çin haqqında” kitabına jurnalist tərəfindən verilən qiymət obyektiv reallığı əks etdirməyə bilər. Əgər kitab beynəlxalq siyasət və diplomatiya sahəsinin peşəkarı tərəfindən qiymətləndirilsəydi, bu rəy daha əsaslandırılmış və peşəkar tənqid kimi qəbul olunardı. Məsələ burasındadır ki, H.Kissincer heç vaxt asan oxunan, bəsit bioqrafik əsərlər yazmayıb. Təsəvvür edin ki, kitabda 350-dən çox elmi mənbəyə və ədəbiyyata istinad edilib. Belə olan halda, kitabın dilinin ağırlığını birbaşa tərcümənin keyfiyyətsizliyinə bağlamaq və əsas tənqid hədəfinə çevirmək yanlışdır”. 

Yazıçı qeyd edib ki, kitabın baha olması yalnız tərcümə ilə əlaqədar deyil:

“Söhbət 700 səhifəlik nəhəng elmi işdən gedir. Kitab rəsmi lisenziya əsasında tərcümə olunur, yəni xarici nəşriyyata müəllif hüquqları üçün böyük məbləğdə vəsait ödənilir. Tirajı məhdud və oxucu dairəsi spesifik olan bir kitabın baha satılması normaldır. Onsuz da əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb. Bu kitab sadəcə Çin haqqında ümumi məlumat verən bəsit bədii nəşr deyil, qlobal diplomatiya və beynəlxalq münasibətlərin ən nüfuzlu fiqurlarından birinin qələmə aldığı fundamental monoqrafiyadır. Hətta mən özüm də bəzi məqamları anlamaq üçün mətni təkrar oxumaq məcburiyyətində qalıram. Mövzu kifayət qədər mübahisəli olduğuna görə, kitaba əsl qiyməti məhz bu sahənin mütəxəssislərinin verməsini daha doğru hesab edirəm".