“63 səhifəlik ‘ibtidai dövr’ iddiası yanlışdır”
Son günlər Tik-Tok platformasında yayılan bir video cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Videoda 6-cı sinif Azərbaycan tarixi dərsliyinin məzmunu, xüsusilə ibtidai icma quruluşuna ayrılan həcmin böyük olması ciddi tənqid edilib. Özünü tarix müəllimi kimi təqdim edən şəxs iddia edib ki, dərsliyin bu hissəsi 63 səhifəni əhatə etdiyi halda, ümumi dünya tarixində eyni mövzuya cəmi 17 səhifə ayrılıb. Bu isə təhsil proqramının balansı, şagirdlərin yaş xüsusiyyətləri və dərs yükünün uyğunluğu ilə bağlı suallar doğurur.
Söhbətdə əsas diqqət 11–12 yaşlı şagirdlərin bu qədər geniş və detallı məlumatı mənimsəməsinin nə dərəcədə real və səmərəli olmasına yönəlib. Müəllim qeyd edib ki, mövzunun həddindən artıq geniş təqdimatı şagirdlərdə tarixə maraq yaratmaq əvəzinə, əksinə, onları fənndən uzaqlaşdıra bilər. O eyni zamanda dərsliklərin hazırlanmasında köhnə yanaşmaların, o cümlədən sovet dövründən qalma metodologiyanın təsiri barədə fikirlər səsləndirib.
İctimai fəal Orxan Atabəy də social media hesabında bu mövzuya toxunub: “İbtidai icma quruluşu böyük ölçüdə Daş dövrünü əhatə edir. Əgər bir uşaq gələcəkdə tarix professoru olmayacaqsa, zehninin formalaşdığı 11-12 yaş dövründə yaddaşını niyə bu qədər lazımsız informasiya ilə doldurmalıdır? Azərbaycan tarixində 63 səhifəlik hansı "ibtidai icma" kəşf olunub? Bu günə qədər harada o qədər ciddi arxeoloji qazıntı və araşdırma aparılıb ki, dərsliklərin bu qədər böyük hissəsi həmin dövrə həsr olunur? Sovet dövründə rusların dərsliyi latın qrafikasına çevirib, bir-iki cümləsini dəyişərək dərslik adı ilə ortaya qoyublar. Qalan hər şey boş söz yığınıdır. Bu informasiya qarışıqlığı uşağa tarixin ümumi mənzərəsini görməsinə mane olmaqla yanaşı, onun intellektual inkişafına vurulan ən böyük zərbədir. Bizim təhsil sistemi qədər uşağın gələcəyini məhv edən, xalqın potensialına düşmən kəsilən ikinci bir sistem yoxdur”.
Sherg.az xəbər verir ki, tarix müəllimi Rahib Rzayev sosial şəbəkələrdə müzakirə olunan video ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, videoda məsələyə yanaşma birtərəfli və qeyri-obyektivdir: “6-cı sinif Azərbaycan tarixi dərsliyində ibtidai dövrün geniş görünməsi onun həddindən artıq çətin olması ilə deyil, struktur və təqdimat forması ilə bağlıdır.
Həmin dərsliyi şəxsən tədris etdiyim üçün məzmunu barədə konkret və əsaslı fikir bildirmək imkanım var. Sözügedən 6-cı sinif Azərbaycan tarixi dərsliyi şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və ümumilikdə yüksək metodiki səviyyəyə malikdir. İctimai müzakirələrdə səsləndirilən “63 səhifəlik ibtidai icma quruluşu” iddiası düzgün deyil. Dərsliyin ilk 17 səhifəsi ümumiyyətlə bu mövzuya deyil, tarixin öyrənilməsinin əsaslarına, mənbələr, onların növləri, il hesabı, təqvimlər və yazının meydana gəlməsi kimi fundamental anlayışlara həsr olunub. Qalan hissədə isə təxminən 46 səhifədə isə ibtidai dövrün mərhələləri, insan cəmiyyətinin inkişaf yolu və Azərbaycan ərazisində mövcud olmuş qədim yaşayış məskənləri barədə məlumat verilir. Bu məlumatlar şagirdlərə tarixi proseslərin ardıcıllığını və məntiqini anlamağa kömək etmək məqsədi daşıyır. Eyni zamanda, dərsliyin həcmi barədə formalaşan təsəvvür də tam doğru deyil. Səhifələrin böyük hissəsi yalnız mətnlərdən ibarət deyil, mövzuların daha aydın və maraqlı qavranılması üçün kitabda geniş şəkildə vizual materiallardan , yəni şəkillərdən, xəritələrdən və sxemlərdən istifadə olunub. Bu da şagirdlərin mövzunu daha asan mənimsəməsinə xidmət edir. Bir sözlə dərsliyin məzmunu və strukturu ilə bağlı səsləndirilən tənqidlər müəyyən yanlış təsəvvürlərə əsaslanır. Fikrimcə məsələyə obyektiv yanaşmaq lazımdır. Qaldı ki, ümumi dünya tarixi hissəsinin nisbətən qısa verilməsi isə xarici terminlərin çətinliyi və eyni məlumatın iki dərslikdə təkrar olunmaması ilə izah edilir”.