Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə “Dil, milli kimlik və tarixi şüur: xalqların formalaşmasında dil faktorunun rolu” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda dilin milli kimliyin formalaşmasındakı rolu, tarixi yaddaşın və milli şüurun qorunub saxlanılmasında dil faktorunun strateji əhəmiyyəti, qloballaşma şəraitində milli dillərin qarşılaşdığı çağırışlar, dil siyasəti və milli-mədəni dəyərlərin qorunması kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə ölkənin tanınmış alimləri, ictimai xadimləri və media nümayəndələri iştirak ediblər. Qonaqlar sırasında Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, Xalq artisti Eldost Bayramov, Humboldt mükafatının ilk azərbaycanlı laureatı, AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev, eləcə də tanınmış alimlər İlham Tahirov, Sayalı Sadıqova, Fikrət Cahangirov, Qulu Məhərrəmli, Elçin İbrahimov, Jalə Qəribova, Baba Məhərrəmli və digərləri yer alıblar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, dil və milli kimlik mövzusunda belə bir elmi seminarın məhz texniki yönümlü ali təhsil müəssisəsi olan Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi təsadüfi deyil. Rektor qeyd edib ki, müasir dünyada texnologiya, mühəndislik və innovasiyalar nə qədər sürətlə inkişaf etsə də, insanı və cəmiyyəti formalaşdıran əsas dəyərlər sırasında dil öz fundamental yerini qoruyub saxlayır. Onun sözlərinə görə, yüksək peşəkar mütəxəssis olmaq üçün texniki biliklərlə yanaşı, güclü milli kimlik, sağlam düşüncə və zəngin nitq mədəniyyəti də vacibdir.
Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, ana dilini bilmək, ondan düzgün istifadə etmək, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın mənəvi borcudur. Bu istiqamətdə isə ən böyük məsuliyyət təhsil müəssisələrinin üzərinə düşür. Rektor bildirib ki, AzMİU bu missiyanı hər zaman layiqincə yerinə yetirib və universitetdə humanitar istiqamətin inkişafına daim xüsusi diqqət göstərilib.
Qeyd olunub ki, universitetdə fəaliyyət göstərən Azərbaycan dili və pedaqogika və Əcnəbi dillər kafedraları illərdir təkcə tədris funksiyasını yerinə yetirmir, eyni zamanda dil mədəniyyətinin, milli-mənəvi dəyərlərin və akademik düşüncənin formalaşmasına mühüm töhfə verir. Bu kafedralarda ölkənin tanınmış alimləri, nüfuzlu pedaqoqları və ziyalıları fəaliyyət göstərərək zəngin akademik ənənə formalaşdırıblar.
Rektor çıxışında Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi ilə bağlı çağırışlarını da xüsusi vurğulayaraq bildirib ki, dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi strateji yanaşmaya uyğun olaraq AzMİU-da dil mədəniyyəti, nitq mədəniyyəti və milli dil irsinin qorunması ilə bağlı fəaliyyət son dövrlərdə daha da intensivləşdirilib. Onun sözlərinə görə, texniki ali təhsil müəssisəsində milli düşüncə ilə peşəkar kompetensiyanın vəhdətdə formalaşdırılması universitetin əsas prioritetlərindən biridir.
Professor Məsud Əfəndiyev çıxışında ana dilinin milli kimliyin qorunmasında fundamental rol oynadığını vurğulayaraq qeyd edib ki, elm və texnologiya nə qədər inkişaf etsə də, milli düşüncə sistemi və mədəni identiklik məhz dil vasitəsilə yaşadılır. O bildirib ki, qlobal rəqabət şəraitində milli dillərin inkişafı və elmi mühitdə yaşaması strateji prioritet olmalıdır.
Elmi seminarın sədri, dosent Aygün Məmmədova “Ana dili milli varlığımızın sütunudur” adlı məruzsəində bildirib ki, müasir dünyada dillər sadəcə kommunikasiya vasitəsi deyil, eyni zamanda milli mövcudluğun əsas göstəricilərindən biridir. Onun sözlərinə görə, dilin qorunması bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Xalq artisti Eldost Bayramov çıxışında Azərbaycan dilinin fonetik gözəlliyi, nitq mədəniyyəti və sözün cəmiyyətin estetik düşüncəsindəki rolu barədə danışıb. O bildirib ki, düzgün və səlis danışıq milli mədəniyyətin ayrılmaz hissəsidir və efir dili cəmiyyət üçün nümunə formalaşdırır.
Professor Qulu Məhərrəmli çıxışında medianın dilin qorunmasındakı roluna toxunaraq qeyd edib ki, informasiya axınının sürətləndiyi müasir dövrdə dilin deformasiyaya uğramaması üçün mediada dil mədəniyyətinə xüsusi həssaslıqla yanaşılmalıdır.
Digər çıxışlarda da dilin yalnız kommunikasiya vasitəsi deyil, xalqın tarixi yaddaşını, kimliyini və mənəvi varlığını yaşadan fundamental institut olduğu vurğulanıb. Bildirilib ki, milli dillərin qorunması və inkişaf etdirilməsi dövlətlərin strateji prioritetlərindən biri olmalıdır.
Seminar interaktiv müzakirələr, elmi fikir mübadiləsi və aktual məsələlərin təhlili baxımından məhsuldar keçib.
Qeyd edək ki, AzMİU-da humanitar və sosial elmlərlə bağlı bu cür elmi platformaların təşkili universitetin milli-mədəni və intellektual düşüncənin inkişafında fəal rol oynadığını bir daha nümayiş etdirir.

