
Ekspert: Diplom bilik səviyyəsinə uyğun gəlmir
Xaricdə təhsil alanların böyük problemi uzun illərdir həllini tapmır
“Savadlı tələbənin yolu açıqdır, amma “attestatla qəbul” sistemində risk böyükdür”
“Uğursuz nəticələrin əksəriyyəti Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarına aiddir”. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov dünən keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir. O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90 faizi uğursuz nəticə əldə edib. Sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib. Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və Gürcüstanın ali təhsil müəssisələri məzunlarının payına düşür. T.Əhmədovun sözlərinə görə, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir. Həmçinin, “Mühəndislik” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir. “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri (21 faiz) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79 faiz) uğursuz olub. T.Əhmədov bildirib ki, uğursuz nəticələrin əsas hissəsi yenə də Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri məzunlarının payına düşür. “Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə və onların ailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almağı tövsiyə edirik", - deyə sədr əlavə edib.
Məlumdur ki, ali təhsil üçün qonşu ölkələri seçənlər, əslində, diplom ardınca gedənlərdir. Ölkə daxilində ali məktəblərə qəbul imtahanlarında aşağı bal toplayanlar, çıxış yolunu ölkədən çıxmaqda görür. Və qonşu ölkələrin 2-ci, 3-cü... dərəcəli ali təhsil müəssisələrinə imtahansız qəbul olunurlar. Necə təhsil aldıqları, hansı səviyyə əldə etdikləri bilinməsə də, sonradan məsələn, diplomların tanınıb-tanınması kimi problemlərin üzə çıxması bir yana, üstəlik, təhsilin də aşağı səviyyədə olduğunu göstərir. Amma məsələnin bir ucu bizim ali təhsil sistemimizə də gəlib çıxır. Bu mənada ki, qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlər də ölkəmizin bəzi ali məktəblərinə daxil ola bilir. Çünki bir sıra ali məktəblərə, bəzi ixtisaslara keçid balları çox aşağıdır. Subbakalavrlar da ali məktəblərə imtahansız qəbul olunur. Məlumdur ki, subbakalavrlar orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərdir. Onlar orta təhsilin IX sinfindən “tərxis” edilənlər (təbii ki, yaxşı oxuyan şagird IX sinifdən çıxmır, XI pilləni başa vurur - M.R.), yaxud da ali məktəbə imtahansız daxil ola bilmək üçün məqsədli şəkildə orta ixtisas təhsili müəsssisəsini seçənlərdir. Bununla bütün subbakalavrların səviyyəsinin aşağı olduğunu demirik. Amma bu faktdır ki, ölkəmizin ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil alanlar arasında qəbul imtahanında aşağı nəticə göstərmiş tələbələr daha çoxdur. Yəni ali məktəblərimizdə heç də hamısı və tələbələrin də heç də hamısı yaxşı oxuyan və ya əlaçılar deyil. Belə vəziyyətdə bu tələbələr ali məktəbi bitirdikdən sonra təhsil müəssisələrində çalışacaqsa, sertifikasiya imtahanında aşağı nəticə göstərəcəkləri gözləniləndir. Ölkəmizin ali məktəbləri arasında yüksək balla qəbul Bakı Dövlət Universiteti (əsasən hüquqşünaslıq fakültəsi), Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Tibb Universitetidir. Bəzi ixtisaslar üzrə. Yerdə qalan ali məktəblərə hətta 120-150 balla da tələbə qəbulu aparılır. Azərbaycan Pedaqoji Universitetində bəzi ixtisaslar üzrə hətta dövlət sifarişli yerlərə keçid balı heç 400-ə çatmır. Məlumata görə, 2024-cü ildə ADPU-da tarix və coğrafiya müəllimliyi, dövlət sifarişli, əyani təhsil üzrə 366 balla qəbul olunanlar var. Bu, orta səviyyə deməkdir. Əgər bu gün pedaqoji təhsildə qəbul balları aşağıdırsa, müəllim peşəsinə yiyələnmək üçün ən yüksək bal tələb olunmursa, o müəllimdən və onun hazırladığı şagirddən yüksək səviyyə gözləmək olar?
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, xaricdə təhsil 2 qrupa bölünür:

- Birinci qrupda dövlət proqramı ilə, o ölkənin təqdim etdiyi təqaüd proqramı ilə təhsil alanlardır. Bu namizədlər imtahanlarda yüksək nəticə əldə etdikdə, dil bacarıqlarını təqdim etdikdən sonra seçilirlər. Bu tələbələr təhsillərini başa vurub geri qayıtdıqda diplomların tanınması problem olmur. Aldıqları təhsilə ekvivalent olaraq dövlət müəssisələrində, müəyyən şirkətlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. Digər qrup isə ölkə daxilində ali məktəblərə daxil ola bilməyib attestatla qəbulun mümkün olduğu qonşu ölkə ali məktəblərinə gedənlərdir. Azərbaycanda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında keçid balı toplaya bilməyən, aşağı nəticə göstərənlərin xarici ölkələrin ali məktəblərində yüksək nəticə göstərməsi inandırıcı görünmür. Bu məsələdə təhsil aldıqları universitetin leqal və ya qeyri-leqal olması, həmçinin tələbənin həmin ali məktəbdə akkreditasiyadan keçməməsi, o ölkədə olmaması imtina üçün əsas sayılır. Ola bilər universitet leqaldır, akkreditasiyası da var, amma şəxsin aldığı təhsil sertifikasiya imtahanındakı nəticələrlə müqayisədə özünü doğrultmur. Peşə imtahanında, kvalifikasiya üçün verdiyi imtahanda bilik və bacarıqlar üst-üstə düşmür. Burada hansı şərtlərlə ali məktəblərə qəbul da böyük əhəmiyyət kəsb edir, həmçinin ali məktəbi bitirmiş şəxsin bilik, bacarıq səviyyəsi də. Savadlı şəxsin, təhsil səviyyəsi yüksək olanların problemi yoxdur. Amma bu da faktdır ki, müxtəlif adlar altında fəaliyyət göstərən təhsil şirkətləri və müxtəlif kanallar vasitəsilə qeydiyyatı olan və ya olmayan universitetlərə attestatla qəbul aparılır, tələbə təhsil müddətində lazımi bilik və bacarıqlar əldə etmir, nəticədə əldə etdiyi diplom bilik səviyyəsi ilə uyğun gəlmir. Qeydiyyat, akkreditasiya məlumatlarının əks olunduğu universitetin leqallığının şübhə altında olması da prosesə təsir göstərir