Ekspert: Təklif minlərlə müəllimin maaşında ciddi fərq yaradacaq
Milli Məclisdə müəllimlərin sertifikasiya nəticələrinə əsasən əməkhaqlarının artırılması qaydaları ətrafında müzakirələr aparılıb. Deputat Vüqar Bayramov mövcud mexanizmdə bal aralıqları arasında kəskin fərqin olduğunu vurğulayaraq, maaş artımı meyarlarının daha ədalətli şəkildə yenidən müəyyənləşdirilməsini təklif edib.
Onun fikrincə, daha geniş müəllim kütləsinin sertifikasiyaya cəlb olunacağını nəzərə alaraq, qiymətləndirmə sistemində dəyişikliklər zəruridir: Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faiz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər.Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.
Deputatın təkliflərinə münasibət bildiriən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a bildirib ki, təhsil sistemində həyata keçirilən sertifikasiya prosesi müəllimlərin peşəkar inkişafını stimullaşdırmaqla yanaşı, həm də onların sosial rifahının yüksəldilməsinə xidmət edən strateji bir addımdır:
“Lakin bu sistemin tətbiqi zamanı ortaya çıxan bəzi texniki və riyazi detallar yenidən baxılmağı zəruri edir. Millət vəkili Vüqar Bayramovun təklifi də məhz bu zərurətdən doğan, təhsil ictimaiyyəti və pedaqoji kollektivlər tərəfindən müsbət qarşılanacaq kifayət qədər əsaslandırılmış bir yanaşmadır. Hazırkı metodologiyada 50 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında cəmi bir suallıq, yəni cüzi bir fərq olmasına baxmayaraq, əməkhaqqına edilən əlavələrdə 25 faiz bəndi qədər kəskin bir uçurumun yaranması həm pedaqoji, həm də mənəvi baxımdan müəyyən suallar doğurur. İmtahanın ümumi çəkisinin 80 faizini, yəni 48 balı toplayan bir müəllimin göstəricisi beynəlxalq qiymətləndirmə standartlarına görə "əla" və ya "yüksək" kateqoriya hesab olunur ki, bu nəticəyə imza atan mütəxəssisin ən yüksək artım pilləsindən, yəni 35 faizlik əlavədən kənarda qalması sistemin stimullaşdırıcı funksiyasını bir qədər zəiflədir”.
Ə. Həsənli qeyd edib ki, mövcud qaydalarla 83 faizlik nəticə göstərən müəllimin maaşının cəmi 10 faiz artması, ondan cəmi 2 faiz çox nəticə göstərən həmkarının isə 35 faiz artım alması müəllimlər arasında sağlam rəqabəti deyil, bəzən təsadüfi bir ballıq fərqin yaratdığı məyusluğu ön plana çıxarır:
“Əgər biz sertifikasiyanın əsas məqsədini müəllimin bilik və bacarıqlarını obyektiv qiymətləndirib onu mükafatlandırmaq kimi görürüksə, 48-51 bal aralığında qalan böyük bir müəllim kütləsinin də bu yüksək artım imkanından yararlanması həm sosial ədalətin bərpasına, həm də təhsil işçilərinin fəaliyyətinə olan marağının artmasına ciddi töhfə verərdi.
Bu təklifin reallaşması dövlət büdcəsi üzərində kəskin yük yaratmadan, minlərlə müəllimin əməkhaqqında nəzərəçarpacaq fərq yarada bilər və bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə yönələn islahatların effektivliyini daha da möhkəmləndirər. Belə bir addımın atılması müəllim nüfuzunun qorunması və onların əməyinin real nəticələrə daha adekvat şəkildə qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli bir islahat xarakteri daşıyır”.